Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Qanunsuz pul vəsaitlərinin köçürülməsi fəaliyyətinin qarşısı alınıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ölkə ərazisində pul vəsaitlərinin qanunsuz köçürülməsi fəaliyyətinin təşkili hallarını müəyyən edib.

DVX-nin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Əməliyyat idarəsi tərəfindən əldə olunmuş əməliyyat məlumatları nəticəsində müəyyən edilib ki, Bakı şəhəri sakini Əkbərov Şəhriyar Hafiz oğlu digərləri ilə qabaqcadan əlbir olaraq və bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, “Laçın” və “Sədərək” ticarət mərkəzlərinin ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya əsasən, həmin şəxslərə məxsus pul vəsaitlərinin əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə qanunsuz olaraq köçürülməsini təşkil ediblər. Belə ki, həmin şəxslər pul vəsaitinin məbləğindən asılı olaraq 1,1-1,2 faiz qazanc müqabilində Azərbaycan Respublikasından Türkiyə Respublikası, Çin Xalq Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində pul sahiblərinin əvvəlcədən bildirdikləri şəxslərə qanunsuz olaraq köçürmələr təşkil ediblər.

Qurulmuş sxemə əsasən, qanunsuz əməllərin törədilməsinə kuryer kimi cəlb edilmiş Soltanov Ramin Akif oğlu və Abızadə Əlzamin Abdulsəməd oğlu vasitəsilə müxtəlif şəxslərə aid pul vəsaitlərinin toplanması təşkil olunub, həmin vəsaitlər paytaxtın Səbail rayonu ərazisindəki Biznes Mərkəzində icarəyə götürülmüş ofisdə Nağıyev Raman Şahin oğluna verilib. Sonuncu isə qanunsuz olaraq köçürüləcək pul vəsaitlərinin hansı valyutada olması və məbləği barədə məlumatları Ş.Əkbərova ötürüb. Bundan sonra Ş.Əkbərov Türkiyə Respublikası, Çin Xalq Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki etibar etdiyi şəxslərə məlumat verməklə qanunsuz olaraq pul vəsaitlərinin köçürülməsi fəaliyyətini təşkil edib.

Əldə edilmiş məlumatlar əsasında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28.09.2023-cü il tarixli qərarı ilə paytaxtın Səbail rayonu ərazisindəki Biznes Mərkəzinin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş avtodayanacaq meydançasında Abızadə Əlzamin Abdulsəməd oğlunun idarə etdiyi “Toyota Prius” markalı 90 TY 929 dövlət qeydiyyat nişanlı avtomobildə onunla birlikdə olan sərnişinlər Soltanov Ramin Akif oğlu və Nağıyev Raman Şahin oğlu saxlanılıblar. Dəstənin Biznes Mərkəzindəki ofisində iki nəfər hal şahidinin iştirakı ilə əl çantalarına baxış keçirilib. Baxış zamanı R.Soltanov və Ə.Abızadəyə məxsus sellofan bağlamalarda, həmçinin R.Nağıyevə məxsus əl çantasında cəmi 318.190 ABŞ dolları və 208.410 manat olmaqla, ümumilikdə 749.333,0 manat məbləğində qanunsuz olaraq köçürüləcək pul əskinasları aşkar edilərək götürülüb.

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində Ş.Əkbərov və digərlərinin qaçaqmalçılıq əlamətləri olmadan əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyətilə məşğul olması faktı üzrə Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, həmin şəxslər tərəfindən 749.333,0 manat məbləğində pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə köçürülməsi təşkil olunub. Cinayət işi üzrə Ş.Əkbərov 30 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunub. Həmin tarixddə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə Ş.Əkbərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.