Ahıl şəxslər üçün tədbir keçirilib
“Heydər Əliyev ili” münasibətilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Bilgəh qəsəbəsində yerləşən sosial xidmət müəssisəsində Beynəlxalq Ahıllar Günü qeyd edilib.
Əvvəlcə Ulu Öndərin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib, dahi şəxsiyyətin rəhbərliyi ilə cəmiyyətin rifahı və sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində aparılan islahatlar, dövlət himayəsində yaşayanlar üçün həyata keçirilən tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi, layiqli həyat şəraitinin təmin edilməsi, dövlət tərəfindən hərtərəfli təminatla əhatə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Vurğulanıb ki, Prezident İlham Əliyev və birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı və məqsədyönlü fəaliyyəti dövlətimizin bu istiqamətdə həyata keçirdiyi siyasətin gerçəkləşməsində böyük əhəmiyyətə malikdir.
Ahıl insanlara göstərilən diqqət və qayğı bütün dövlət qurumları, o cümlədən Dövlət Vergi Xidməti tərəfindən də dəstəklənir, qurumun təşəbbüsü ilə yaşlı insanlarla görüşlər təşkil edilir, dəstəkləyici tədbirlər həyata keçirilir və onların qarşılaşdıqları məsələlər daim diqqətdə saxlanılır.
Tədbir çərçivəsində xüsusi musiqili proqram və maraqlı müsabiqələr təqdim edilib. Sosial xidmət müəssisəsinin sakinləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Sonda adıçəkilən müəssisəyə təkərli oturacaqlar, Ümummilli Lider barədə kitab, televizor və yaşıllıq zonası üçün dekorativ ağac hədiyyə edilib.