Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi virtual “ƏDV Geri Al” hesabına köçürüləcək

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib. Fərmanın icrası ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib olunması və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün 21 noyabr 2022-ci il tarixdən İnternet Vergi İdarəsində müvafiq portal istifadəyə verilib. Bu günə qədər 4.761 müraciət üzrə 17,2 milyon manata yaxın vəsait vətəndaşlara geri qaytarılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeyd olunan sahədə vətəndaş məmnunluğunun artırılması istiqamətində işlər davam etdirilir. Belə ki, vətəndaşlar tərəfindən alınmış əmlaka görə ödənilmiş ƏDV-nin qaytarılması zamanı bir sıra hallarda ərizələrdə bank rekvizitlərinin yanlış göstərilməsi və ya hesabların başqa şəxslərə aid olması kimi faktlara rast gəlinir. Bu isə ƏDV məbləğinin bir hissəsinin göstərilən hesablara köçürülməsi zamanı problemlər yaradır. Nəticədə, yaranmış çətinliklər əlavə inzibati yükə səbəb olur və vətəndaş məmnuniyyətinin azalmasına gətirir.

Həmin səbəbdən ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı inzibatçılıqda müvafiq dəyişiklik edilib. Artıq vergi orqanı tərəfindən vəsaitin köçürülməsi barədə müvəkkil banka sorğu daxil olduqda vəsaitlər fiziki şəxsin müvəkkil bankda olan virtual “ƏDV Geri Al” hesabına köçürüləcək, bank məlumatlarının daxil edilməsinə zərurət yaranmayacaq. Müvəkkil bankda virtual “ƏDV Geri Al” hesabı olmayan vətəndaşlar isə ərizə ilə müraciət edərkən müvafiq link vasitəsilə həmin hesabı yarada biləcəklər.