Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Kommersiya hüquqi şəxslərin qeydiyyatı sahəsində yeniliklərə həsr edilmiş görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə startaplar, mikro və kiçik sahibkarlıq subyektləri üçün kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr edilmiş onlayn görüş keçirilib. Görüşdə DVX və KOBİA-nın nümayəndələri, sahibkarlıq assosiasiyaları və biznes sahəsinin təmsilçiləri iştirak ediblər.

DVX-nın Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə "Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və gələcək planlar" mövzusunda təqdimatla çıxış edib. L.Hüseyn-zadə “Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahələrdə təkmilləşdirmələrin həyata keçirilməsinə dair  2022-2023-cü illər üzrə Yol Xəritəsi və qarşıda duran vəzifələr barədə məlumat verib. Bildirib ki, «Biznesə daxilolma» indikatoru üzrə diaqnostika matrisası üzrə qiymətləndirilən göstəricilərə biznesə daxil olmaq üçün qaydaların keyfiyyəti, biznes startapları üçün rəqəmsal dövlət xidmətləri və informasiyanın şəffaflığı, biznesə daxil olmanın səmərəliliyi daxildir.

L.Hüseyn-zadə ölkəmizdə biznesin qeydiyyatı sahəsində tətbiq olunan təcrübə və həyata keçirilən islahatlar barədə danışıb. 2008-ci ildən başlayaraq biznesin qeydiyyatının sadələşdirilməsi və təkmilləşdirilməsi barədə görülmüş işlər, əldə edilmiş nailiyyətlər, sahibkarlıq subyektlərinin qeydiyyatına dair statistikada artım görüş iştirakçılarının diqqətinə çatdırılıb. Vurğulanıb ki, hazırda Yol Xəritəsinin reallaşdırılması üzrə işçi qrupu bir sıra layihələr üzərində çalışır. MMC-nin qeydiyyat məlumatlarında dəyişikliyin elektron qaydada həyata keçirilməsi ilə bağlı proqram təminatının hazırlanması, kommersiya qurumlarının benefisiar mülkiyyətçisi (mülkiyyətçiləri) barədə məlumatların dövlət qeydiyyatına alınması və həmin məlumatların dövlət reyestrinin aparılması, riskli vergi ödəyicilərinin hüquqi şəxs təsis etmək hüququnun qanunvericiliklə məhdudlaşdırılması kimi tədbirlər həyata keçirilir. Bundan başqa, MMC-lərin elektron qeydiyyatının daha təkmil formada həyata keçirilməsi (“üz tanıma” üsulları), xarici investisiyalı MMC-nin e-qeydiyyatı zamanı hüquqi ünvanı təsdiq edən sənədin e-ərizəyə əlavə edilməsi tələbinin aradan qaldırılması, işçilərin əmək müqavilələri məlumatlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə ötürülməsi və s. yeniliklərin tətbiqi nəzərdə tutulur.

Görüş qarşılıqlı müzakirələr şəraitində davam edib, toplantı iştirakçılarının sualları cavablandırılıb.