Növbəti "Uğur yolu" karyera inkişaf proqramına qeydiyyat başlayıb
İqtisadiyyat Nazirliyində növbəti "Uğur yolu" karyera inkişaf proqramına start verilib. Artıq 3-cü dəfə təşkil edilən müsabiqəyə qeydiyyat sentyabrın 11-dən başlayıb. Müsabiqəyə Nazirliyin Aparatı, regional bölmələri, strukturuna daxil olan və tabeliyindəki qurumlarında çalışan bütün əməkdaşlar qoşula bilər.
Müsabiqənin keçirilməsində məqsəd İqtisadiyyat Nazirliyinin əməkdaşlarının potensialından səmərəli istifadə etmək, onların hərtərəfli inkişafı və peşə hazırlığının artırılması, yeni nəsil idarəçilərin hazırlanması və yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılmasıdır.
Müsabiqə qeydiyyat, test imtahanları, yarımfinal və finaldan ibarət olmaqla 4 mərhələdə keçiriləcək. Nazirliyin müsabiqədə iştirak etmək istəyən əməkdaşları "Uğur yolu" karyera inkişaf proqramının rəsmi internet saytında (www.uguryol.az) şəxsi kabinet yaradaraq qeydiyyatdan keçə bilərlər.
Seçim mərhələlərini uğurla keçərək müsabiqədə qalib gələn iştirakçılar inkişaf proqramına cəlb olunacaq, müxtəlif təlimlər, kouçinq sessiyaları, komanda quruculuğu tədbirləri, İqtisadiyyat Nazirliyinin idarəçi rəhbərləri ilə mentorluq proqramında iştirak edəcəklər.
Qeyd : İlk dəfə 2021-ci ildə təşkil edilən “Uğur yolu” müsabiqəsində iştirak üçün müraciət edən 1231 iştirakçıdan 22 nəfər, 2022-ci ildə təşkil edilən müsabiqədə isə 1476 iştirakçıdan 16 nəfər qalib seçilmişdir. Müsabiqənin qalib və finalçıları inkişaf proqramına cəlb edilmişdir.