Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergiləri və sosial sığorta haqlarını ödəməkdən yayınma məsuliyyət yaradır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin diqqətinə çatdırır ki, vergilərin, habelə sosial sığorta haqlarının tam həcmdə və vaxtında dövlət büdcəsinə ödənilməsi hər bir ödəyicinin vəzifəsidir. Vergi və sosial sığorta öhdəliklərinin yerinə yetirilməməsi inzibatı və cinayət məsuliyyətinə səbəb olur.

Belə ki, 50 min manatdan yuxarı məbləğdə vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma əməlinə görə vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Eyni əməllər mütəşəkkil dəstə tərəfindən və ya külli miqdarda (iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan) törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Həmçinin, eyni əməllər xüsusilə külli miqdarda (beş yüz min manatdan yuxarı olan məbləğ) törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Vergi yoxlamaları nəticəsində CM-in 213-cü maddəsinin tərkib əlamətləri müəyyən edildikdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin ibtidai araşdırılması Baş İdarəsində cinayət işi başlanılmaqla ibtidai istintaq aparılır. Hazırda vergidən yayınma halları ilə mübarizə çərçivəsində mütəmadi tədbirlər görülür və belə əməlləri törədənlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunurlar.