Çin şirkətləri ilə tərəfdaşlıq gücləndirilir
Azərbaycan nümayəndə heyəti Çin Beynəlxalq Xidmətlər və Ticarət Sərgisinin (CIFTIS) açılış mərasimində iştirak edib, “China Energy International Group Co. Ltd.”, “Wenzhou Nixin”, “Wontai Power” şirkətlərinin rəhbərləri ilə görüşlərdə əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Pekində CİFTİS sərgisinin açılış mərasimində iştirak edib. Minlərlə yerli və xarici şirkətin öz xidmətlərini nümayiş etdirdiyi tədbirə Çinin və digər ölkələrin rəhbər şəxsləri qatılıblar. 2019-cu ildən Azərbaycan CIFTIS-də vahid ölkə stendi ilə təmsil olunur.
Azərbaycan nümayəndə heyəti bir sıra Çin şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb, ölkəmizin əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar, alternativ enerji sahəsində həyata keçirilən layihələr və tərəfdaşlığın perspektiv istiqamətləri dəyərləndirilib.
“China Energy International Group Co. Ltd.” şirkətinin sədri Lü Dzesianq ilə görüşdə tərəflər arasında ölkəmizin “yaşıl” enerji potensialı, azad edilmiş ərazilərimizdə bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verilib. Azərbaycan nümayəndə heyəti şirkətin fəaliyyəti ilə tanış olub. Tərəflər günəş, külək, hidrogen enerjisi və dəniz suyunun duzsuzlaşdırılması üzrə layihələrdə əməkdaşlıq barədə müzakirə aparıblar.
“Wenzhou Nixin Trading Co., Ltd” şirkətinin sədri Fan Cianşan ilə görüşdə Azərbaycanda şirkət tərəfindən keramik plitələr istehsalı zavodunun tikintisi layihəsi üzrə görülən işlər və əməkdaşlıq imkanları nəzərdən keçirilib.
“Wontai Power” şirkətinin vitse-prezidenti Lin Boşenq ilə görüşdə batareya enerjisi saxlama sistemi və külək enerjisi stansiyası layihələrinə investisiya yatırılması sahəsində əməkdaşlıq imkanları qeyd olunub. Tərəflər batareya enerjisi saxlama sisteminin qurulması layihəsinin dövlət-özəl sektor tərəfdaşlığı əsasında həyata keçirilməsi potensialını və digər əməkdaşlıq məsələlərini müzakirə ediblər.