“Vergi və hesabatlılıq” işçi qrupunun iclası keçirilib
İyulun 21-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, eləcə də işçi qrupa daxil olan konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.
İclasda Dünya Bankı tərəfindən təqdim olunan yeni “Business Ready” hesabatının müvafiq indikatoru (“Vergitutma”) üzrə cavablandırılmış sorğu vərəqəsinin və qiymətləndirmə nəticələrinə dair arayışın müzakirəsi aparılıb, Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoruna dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin rüblük icra vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub.
Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini, işçi qrupun rəhbəri İlkin Vəliyev tədbir iştirakçılarına “Vergitutma” indikatoru üzrə Yol Xəritəsi çərçivəsində 2023-cü ilin 2-ci rübündə görülmüş işlər, vergitutma qaydalarının keyfiyyəti, vergi administrasiyası tərəfindən təqdim edilən xidmətlər, vergi yükü və vergi sistemlərinin səmərəliliyi alt indikatorları üzrə həyata keçirilmiş tədbirlər barədə məlumat verib.
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Katibliyinin rəhbəri, Azәrbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasәt vә sәnaye mәsәlәlәri şöbәsinin sektor müdiri Vüsal Şıxәliyev Dünya Bankı tərəfindən təqdim olunan yeni “Business Ready” hesabatı, qiymətləndirmə zamanı tətbiq ediləcək metodlar, həmçinin hesabatın “Vergitutma” indikatoru üzrə sorğu vərəqəsinə dair məlumat verib.
Tədbir iştirakçıları sorğu vərəqəsi üzrə yaranan məsələləri, ölkəmizdə vergitutma sahəsində tətbiq olunan təcrübənin və həyata keçirilən islahatların qiymətləndirmə prosesində obyektiv dəyərləndirilməsi imkanlarını müzakirə ediblər. İşçi qrupun üzvləri ötən müddətdə və 2023-cü ilin sonuna kimi vergitutma sahəsində həyata keçirilən Yol Xəritəsinin icrası çərçivəsində görülən işlərin bu qiymətləndirmə prosesinə təsirləri, vergi qanunvericiliyinin müddəalarının aydınlığının təmin edilməsi, vergitutma qaydalarının sabitliyi, şəffaflığı, yeni vergi xidmətləri və vergi idarəçiliyinin şəffaflığı ilə bağlı işlər ətrafında fikir mübadiləsi aparıblar. Bu prosesdə biznes sektorunun təkliflərinin nəzərə alınması, sahibkarlıq assosiasiyaları ilə görüşlərin intensivləşdirilməsi zərurəti vurğulanıb.
İlkin Vəliyev özəl sektor və konsaltinq şirkətləri ilə sıx əməkdaşlığın davam etdiriləcəyini bildirib, tədbirlərin icrası istiqamətində işlərin sürətləndirilməsi ilə bağlı DVX-nin müvafiq strukturlarına tapşırıqlarını verib.