Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «Bir pəncərə» prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama proseduralarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədi ilə qərara alıram:
Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipi üzrə vahid dövlət qeydiyyat orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilsin.
2. Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipi 2008-ci il 1 yanvar tarixindən tətbiq edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. normativ-hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipinə uyğun təşkili ilə bağlı lazımi tədbirlər görsün;
3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 25 oktyabr 2007-ci il
№– 2458
«Azərbaycan» qəzetində dərc edilmişdir (26 oktyabr 2007-ci il, №– 240).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2007-ci il, №– 10 (124), maddə 995).