Dövlət Vergi Xidməti “Yay Təcrübə Proqramı” çərçivəsində tələbələr üçün yay düşərgəsi təşkil edib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) sayca ikinci dəfə “Yay Təcrübə Proqramı” çərçivəsində ali təhsil ocaqlarının tələbələri üçün yay düşərgəsi təşkil edib. DVX-nin Şamaxı şəhərində yerləşən Tədris Mərkəzində yay düşərgəsinin açılış mərasimi keçirilib. Tədbirdə proqramın ilkin mərhələlərindən uğurla keçən 60-dan yuxarı tələbə və DVX-nin əməkdaşları iştirak ediblər.
Açılış mərasimində çıxış edən DVX rəisinin müşaviri, Tədris Mərkəzinin rəisi səlahiyyətlərini icra edən Sərxan Həşimov bu layihənin təşkil olunmasının əhəmiyyətini qeyd edib, tələbələrin layihədən yararlanmağı tövsiyə edib, düşərgə zamanı biliklərin bölüşülməsinin vacibliyini vurğulayıb. DVX-nin İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova “Yay Təcrübə Proqramı”nın artıq ikinci dəfə keçirildiyini qeyd edərək, DVX-nın işəgötürən olaraq gələcək insan resursları potensialının gücləndirilməsinə önəm verdiyini bildirib, bu layihənin də əsas məqsədinin tələbələrin bilik və bacarıqlarına, şəxsi inkişafına dəstək göstərilməsi, potensiallı gənclərin karyera yollarını müəyyən etməsində kömək olduğunu vurğulayıb.
Diqqətçəkən məqamlardan biri də təlim iştirakçılarının yarısının xanımlardan ibarət olmasıdır ki, bu da vergi xidməti kimi spesifik sahəyə xanımların marağının getdikcə artmasını əks etdirir. Bildirilib ki, ötən il “Yay Təcrübə Proqramı”nda iştirak edən 3 tələbə işə qəbul prosesində uğur qazanaraq DVX-nin ehtiyat kadrlar bazasına daxil edilib və artıq onlardan 2-si müxtəlif vəzifələrə təyinat alıblar.
Təşkil olunan bir həftəlik yay düşərgəsində layihə iştirakçıları təlim və seminar proqramlarına qatılacaqlar. Burada tələbələrə DVX nümayəndələri və özəl təlimçilər tərəfindən təqdimat bacarıqları, vaxtın düzgün idarə olunması, vergi ödəmələri, vergi münasibətləri və digər mövzularda təlimlər, həmçinin müxtəlif intelektual və komanda oyunları keçirilir. Bundan başqa, iştirakçıların asudə vaxtlarının maraqlı keçməsi məqsədilə onlar üçün müxtəlif əyləncəli tədbirlər – Şamaxı Astrofizika Rəsədxanası, Safari Parkına səfərlər, Tədris Mərkəzində müxtəlif proqramlar təşkil olunur.
Qeyd edək ki, düşərgədən sonra tələbələr DVX-nin struktur idarələrində 8 həftə müddətində istehsalat təcrübəsi keçəcəklər.