Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ölkənin sosial-iqtisadi inkişafında və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasında vergilərin mühüm rolunu nəzərə alaraq, onların vaxtında və tam ödənilməsini təmin etmək, vergi bazasını genişləndirmək, vergi ödəyicilərinə xidmət işini beynəlxalq standartlara uyğunlaşdırmaq və vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətləri daha da təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı (2005-2007-ci illər) təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

  • Dövlət Proqramında həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin illər üzrə maliyyələşdirilməsini iki ay müddətində müəyyənləşdirib təsdiq etsin;
  • bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Dövlət Proqramının icrasını təmin etmək üçün zəruri tədbirlər görsün.

4. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 12 sentyabr 2005-ci il
№– 992

«Respublika» qəzetində dərc edilmişdir (13 sentyabr 2005-ci il, №– 212).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2005-ci il, №– 9, maddə 812).

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli, 992 №–-li Sərəncamı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi

Dövlət Proqramı (2005-2007-ci illər)

Giriş

Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət ölkədə iqtisadiyyatın bütün sahələrində genişmiqyaslı islahatların aparılmasını təmin etmişdir. Onların içərisində idarəetmənin təkmilləşdirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, iqtisadiyyatda struktur dəyişiklikləri və digərləri ilə yanaşı, bazar münasibətlərinə adekvat vergi siyasətinin həyata keçirilməsi də mühüm yer tutur. Son illər səmərəli vergi sisteminin formalaşdırılması, onun qanunvericilik bazasının təkmilləşdirilməsi, vergi orqanları əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması, ölkədə əlverişli vergi mühitinin və vergi mədəniyyətinin yaradılması sahəsində əhəmiyyətli işlər görülmüşdür. 1999-cu ildən başlayaraq, vergi orqanlarının strukturunun təkmilləşdirilməsi istiqamətində aparılan işlər sistemlilik, çeviklik, koordinasiya olunma və təşkilati-idarəetmə mexanizminin tətbiqi kimi bir sıra müsbət keyfiyyətlərə nail olmağa imkan vermişdir.

Vergi sistemində aparılan kompleks islahatlar qısa zaman ərzində vergi daxilolmalarının artımını təmin etmiş və sahibkarlığın inkişafını stimullaşdırmışdır. Dövlət büdcəsinə daxilolmalar artaraq, 1992-ci ildəki 6,1 milyard manatdan 2004-cü ildə 4.963,0 milyard manata çatmışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin sayı 67 mini, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların sayı isə 185 mini keçmişdir.

Ölkə iqtisadiyyatının dinamik inkişafı Azərbaycan Respublikasında sivil vergi xidmətinin formalaşması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsini tələb edir. Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı bu sahədə aparılacaq islahatların növbəti mərhələsini təşkil edir. Dövlət Proqramı «Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramına (2004-2008-ci illər)», Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında» 2002-ci il 10 sentyabr tarixli, «Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında» 2002-ci il 28 sentyabr tarixli, «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın stimullaşdırılması tədbirləri haqqında» 2003-cü il 24 noyabr tarixli və «Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında» 2005-ci il 31 may tarixli fərmanlarına uyğun olaraq hazırlanmışdır.

Dövlət Proqramının əsas məqsədi və vəzifələri

Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramının əsas məqsədi ölkədə vergi sistemini beynəlxalq standartlara uyğunlaşdırmaqla bu sahədə səmərəli inzibatçılığın yaradılmasına nail olmaqdan və ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə təkan verən vergi daxilolmalarının müntəzəm artmasını təmin etməkdən ibarətdir.

Bu əsas məqsədə nail olmaq üçün 2005-2007-ci illərdə aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

  • Azərbaycan Respublikasının Vergilər Nazirliyi sistemində vergi ödəyicilərinə xidmət işini təkmilləşdirmək;
  • Azərbaycan Respublikasının regionlarında kiçik və orta sahibkarlıq subyektləri üçün özəl vergi məsləhəti xidmətləri yaratmaq;
  • vergi ödəyicilərinin hüquqlarının qorunması üçün mükəmməl apellyasiya sisteminin yaradılmasına nail olmaq;
  • fiziki şəxslərin ümumi gəlirləri haqqında bəyannamənin verilməsinə hazırlıq işini sürətləndirmək;
  • vergi ödəyicilərinin uçotu, o cümlədən əlavə dəyər vergisi üzrə qeydiyyat sistemini təkmilləşdirmək;
  • Azərbaycan Respublikası Vergilər Nazirliyinin kompüter informasiya sistemi çərçivəsində auditin planlaşdırılması işini təşkil etmək;
  • vergi borclarının məcburi alınması sahəsində texnoloji və inzibati imkanları gücləndirmək;
  • vergi orqanlarında kadrların peşəkar hazırlıq səviyyəsini artırmaq;
  • vergi orqanlarının funksional fəaliyyətini vahid kompüter sistemi çərçivəsində avtomatlaşdırmaq;
  • vergi orqanları ilə vergi ödəyiciləri arasında elektron əlaqəyə keçidi təmin etmək.

Vergi inzibatçılığının təkmilləşdirilməsinin əsas prinsipləri

Vergi inzibatçılığının təkmilləşdirilməsi aşağıdakı əsas prinsiplərə əsaslanır:

  • vergi inzibatçılığının səmərəliliyinin artırılması iqtisadi inkişafa müsbət təsir göstərməlidir;
  • vergilərin ödənilməsi sahəsində bürokratik maneələr aradan qaldırılmalı, hesabat formalarının sayı azaldılmalıdır;
  • vergi daxilolmaları vergilərin yığılması ilə bağlı xərcləri əhəmiyyətli dərəcədə üstələməlidir;
  • vergidən yayınma hallarının qarşısının alınması üçün normativ hüquqi baza təkmilləşdirilməlidir;
  • vergi ödəyicilərinin müflisləşməsinin qarşısı alınmalı və onların hüquqlarının müdafiəsi təmin edilməlidir.

Vergi inzibatçılığının təkmilləşdirilməsinin əsas istiqamətləri

Müasir vergi siyasəti tarazlaşdırılmış vergi qanunvericiliyinin və vergi sisteminin yaradılmasını və inkişafını tələb edir. Məlum olduğu kimi, Azərbaycan Respublikasında vergi qanunvericiliyinin əsasını 2000-ci ildə qəbul edilmiş və 2001-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsi təşkil edir. Keçən dövr ərzində inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmaqla, Vergi Məcəlləsinə bir sıra mütərəqqi dəyişikliklər və əlavələr edilmişdir. Bütövlükdə, hazırda qüvvədə olan Vergi Məcəlləsi vergi bazasının genişlənməsini, vergi nəzarətinin tətbiqini və təkmil vergi yoxlamalarının aparılmasını özündə əks etdirir.

Son illər vergi qanunvericiliyi ilə yanaşı vergi sistemində idarəetmənin təkmilləşdirilməsi istiqamətində də mühüm işlər görülmüşdür. Vergilər Nazirliyinin yaradılması, inzibati rayonlar üzrə vergi idarələrinin regional vergi orqanları ilə əvəz edilməsi, vergi sistemində aparılan digər struktur dəyişiklikləri vergidən yayınmaların azalmasında və dövlət büdcəsinə ödəmələrin artmasında böyük rol oynamışlar. Eyni zamanda, bu sahədə hələ də istifadə olunmayan ehtiyatlar mövcuddur. Onları nəzərə alaraq, ölkədə vergi inzibatçılığının aşağıdakı istiqamətlərdə inkişafı məqsədəuyğun hesab edilir:

  • vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi və vergi ödəyicilərinin hüquqlarının etibarlı qorunmasının təmin edilməsi;
  • vergi dələduzluğu və vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi, vergi inzibatçılığının az riskli sistem kimi formalaşması;
  • vergilərin məcburi ödənilməsi sisteminin təkmilləşdirilməsi və vergi borclarının yaranmasının qarşısının alınması;
  • vergi orqanlarında idarəetmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması;
  • müasir tələblərə cavab verən kompüter informasiya sisteminin yaradılması.

Azərbaycan Respublikasında vergi inzibatçılığının əsas istiqamətlərindən biri olan vergilərin könüllü ödənilməsi sisteminin yaradılması və vergi ödəyicilərinin hüquqlarının etibarlı müdafiəsinin təmin edilməsi üçün qarşıdakı illərdə aşağıdakı işlərin görülməsi nəzərdə tutulur:

  • vergi ödəyicilərinin maarifləndirilməsi konsepsiyasının hazırlanması;
  • vergi mədəniyyətinin artırılmasına yönəldilmiş proqramların həyata keçirilməsi;
  • özəl vergi məsləhəti xidmətlərinin təşkili üçün müvafiq tədbirlərin həyata keçirilməsi;
  • vergi ödəyicilərinin hüquqlarının müdafiəsi, onların şikayətlərinə obyektiv baxılması məqsədi ilə daha mükəmməl apellyasiya sisteminin yaradılması.

Vergilərin ödənişində könüllülüyün artırılması, mövcud beynəlxalq təcrübədən istifadə etməklə, Azərbaycan Respublikasında fiziki şəxslərin ümumi gəlirləri haqqında bəyannamənin tətbiqi sahəsində zəruri işlərin görülməsini tələb edir. Həmin bəyannamədə əmək haqqının və digər gəlirlərin mənbələrinin düzgün göstərilməsi üçün maarifləndirmə işləri böyük əhəmiyyət kəsb edir.

Vergidən yayınmanın qarşısını almaq, bu sahədə mübarizəni gücləndirmək məqsədi ilə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər bütün vergi ödəyiciləri üçün bərabərlik prinsipinə riayət edilməsinə və vergi daxilolmalarının artımının təmin edilməsinə yönəldilir. Hüquqi və fiziki şəxslər tərəfindən vergidən yayınma halları bir çox hallarda nağd qaydada əməliyyatların aparılması, saxta vergi hesab-fakturalarından istifadə etməklə əlavə dəyər vergisi üzrə əvəzləşdirmələrin edilməsi və digər amillərlə bağlıdır.

Əlavə dəyər vergisi üzrə vergidən yayınmaların qarşısını almaq üçün qeydiyyata alınma qaydalarını sərtləşdirmək, vergi ödəyicilərinin qeydiyyatı prosesində mərhələli yoxlama mexanizmini tətbiq etməklə vergidən yayınmaya meyilli olanları əvvəlcədən aşkar etmək və belə vergi ödəyicilərinin könüllü qeydiyyata alınması praktikasından imtina etmək kimi tədbirlərdən geniş istifadə olunmalıdır.

Vergi inzibatçılığının səmərəliliyinin artırılmasında vergi auditi işinin təkmilləşdirilməsi və audit xidmətinin az riskli sistem kimi fəaliyyət göstərməsi xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə vergi ödəyiciləri haqqında hüquqi və analitik məlumat bazasının Azərbaycan Respublikası Vergilər Nazirliyinin vahid kompüter informasiya sisteminə inteqrasiyası, səyyar vergi yoxlamaları üçün vergi ödəyicilərinin seçilməsi prosesinin avtomatlaşdırılması və yoxlamanın nəticələrinin xüsusi meyar əsasında qiymətləndirilməsi nəzərdə tutulur.

Vergilərin məcburi ödənilməsi sisteminin təkmilləşdirilməsi və vergi borclarının yaranmasının qarşısının alınması istiqamətində aşağıdakı işlər görülməlidir:

  • Azərbaycan Respublikası Vergilər Nazirliyinin kompüter informasiya sistemi vasitəsilə borcları yaranma müddətlərinə görə qruplaşdırmaq, vergi ödəyicilərinə vergi borcları haqqında bildirişlərin göndərilməsini avtomatlaşdırmaq;
  • əlavə dəyər vergisi üzrə könüllü qeydiyyat prosedurunu təkmilləşdirmək və vaxtı keçmiş vergilər üzrə faiz dərəcələrini sərtləşdirməklə vergi borclarının yaranmasının qarşısını almaq.

Vergi borclarının məcburi ödənişi işinin səmərəliliyini artırmaq üçün vergi inzibatçılığının gücləndirilməsi tələb olunur. Bununla əlaqədar məcburi ödəmə mexanizminin texnoloji, iqtisadi və hüquqi aspektləri hazırlanıb tətbiq olunmalıdır.

Vergi orqanlarında idarəetmə sisteminin təkmilləşdirilməsi və onun bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılması kadr potensialından səmərəli istifadə edilməsini, mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəlməsini, vergi ödəyiciləri ilə münasibətlərin təkmilləşdirilməsini təmin etməklə, dövlət büdcəsinə daxilolmaların vaxtında və daha dolğun köçürülməsinə yönəldilmişdir.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi sistemində struktur bölmələrin fəaliyyətinin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur. Nazirliyin taktiki planlaşdırma və qərar qəbul etmə qabiliyyətinin optimallaşdırılması məqsədi ilə Menecment İnformasiya Sisteminin (MİS) yaradılması və onun kompüter informasiya sisteminə inteqrasiyası təmin ediləcəkdir. Korrupsiya risklərini ifşa etmək və korrupsiya halları ilə mübarizəni gücləndirmək üçün nazirlikdə mövcud prosedurların şəffaflığı artırılacaq və daxili təhlükəsizlik sisteminin fəaliyyəti gücləndiriləcəkdir.

Azərbaycan Respublikasının Vergilər Nazirliyində kadrların yüksək peşəkar səviyyəsini təmin etmək məqsədi ilə treninq sistemində aşağıdakı işlər aparılmalıdır:

  • Tədris Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi, müasir treninq konsepsiyalarının və üsullarının tətbiqi təmin edilməli;
  • Nazirliyin əməkdaşları və vergi ödəyiciləri üçün məsafədən təhsilin («on-layn» rejimində) təşkili və tədris-metodiki təminatı hazırlanmalıdır.

Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsinin əsas istiqamətlərindən biri də müasir tələblərə cavab verən kompüter informasiya sisteminin yaradılmasıdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin və onun orqanlarının funksional fəaliyyətlərinin vahid elektron sistemi çərçivəsində avtomatlaşdırılması və tədricən vergi ödəyiciləri ilə birbaşa əlaqənin kontaktsız əlaqə ilə əvəz edilməsi, Dövlət Proqramının qarşısında duran ən vacib istiqamətlərdəndir. Bununla bağlı qarşıdakı illərdə, ilk növbədə, vergi ödəyicilərinin vahid dövlət reyestrinin yaradılması və orada bütün vergi ödəyiciləri haqqında zəruri məlumatın toplanmasının təmin edilməsi nəzərdə tutulur. Eyni zamanda, vergi ödəyicilərinin bəyannamələrinin elektron formatda qəbulu və işlənməsi bu istiqamətin mühüm elementi kimi həll ediləcəkdir.

Nazirliyin vahid kompüter sistemində vergi bəyannamələrinin yığılması, vergi ödəmələri, kameral və səyyar vergi auditi üzrə vergi ödəyicilərinin seçilməsi və auditin aparılması prosesləri avtomatlaşdırılacaqdır.

Bununla yanaşı, Azərbaycan Respublikası Vergilər Nazirliyinin fəaliyyətinin digər istiqamətləri, o cümlədən kargüzarlıq, kadrların uçotu və idarəetmə, kadr hazırlığı işi, işçilərin və ayrı-ayrı idarələrin fəaliyyətinin müvafiq meyarlar əsasında qiymətləndirilməsi, vergi daxilolmalarının proqnozlaşdırılması kimi idarəetmədə vacib rol oynayan proseslər avtomatlaşdırılıb vahid kompüter informasiya sisteminə inteqrasiya olunacaqdır.

Gözlənilən nəticələr

«Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı» çərçivəsində 2005-2007-ci illərdə həyata keçiriləcək modernləşdirmə tədbirlərinin nəticəsində aşağıdakılara nail olunacaqdır:

  • ölkədə könüllü vergiödəmə dərəcəsi artacaq;
  • vergi ödəyicilərinə xidmət sisteminin çevik və təkmil fəaliyyəti təmin ediləcək;
  • vergi dələduzluğuna və vergidən yayınma hallarına qarşı səmərəli mübarizə sisteminin fəaliyyəti nəticəsində bu sahədə risklər ciddi şəkildə azalacaq;
  • vergi yoxlamalarının obyektivliyi və səmərəliliyi artacaq;
  • daha az cari inzibati xərclərlə vergi daxilolmalarının artırılması təmin olunacaq;
  • büdcə gəlirlərinin proqnozlaşdırılması üçün daha real məlumat bazası formalaşdırılacaq;
  • ölkədə ümumi vergi bəyannaməsi sisteminə keçid üçün hazırlıq işləri başa çatdırılacaq;
  • vergi ödəyicilərinin hüquqlarının qorunması gücləndiriləcək;
  • vergi borclarının tez aşkar edilməsində və ödənilməsində səmərəli hüquqi-iqtisadi mexanizmlər və texnologiyalar tətbiq olunacaq;
  • vergi bəyannamələrinin elektron formatda göndərilməsi və işlənilməsi təmin olunacaq;
  • vergi orqanlarının vergi ödəyiciləri ilə tədricən həm bəyannamələr, həm də ödəmələr üzrə kontaktsız münasibətlərə keçməsi təmin ediləcək;
  • vergi orqanlarında fəaliyyət sahələri və insan resurslarının idarə edilməsi üzrə müasir, çevik və təkmil menecment sistemi fəaliyyət göstərəcək;
  • xidmət etikası standartlarına riayət edilməsi təmin olunacaq;
  • korrupsiya risklərini ifşa edən mexanizmlər və prosedurlar tətbiq olunacaq.

 

Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı (2005-2007-ci illər) üzrə həyata keçiriləcək

 

Tədbirlər

№– Əsas istiqamətlər Tədbirin adı İcraçı orqanlar İcra müddəti
1.
Vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi və vergi ödəyicilərinin hüquqlarının etibarlı qorunmasının təmin edilməsi
1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin nəzdində vergi ödəyicilərinə xidmət edən müasir telefon mərkəzinin yaradılması
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vergilər Nazirliyi
2005-2006
 
 
2. Ərazi vergi orqanlarında vergi ödəyiciləri üçün kompüter terminallarının qurulması
Vergilər Nazirliyi
2005-2006
 
 
3. Vergi ödəyicilərinin öz parolu ilə Vergilər Nazirliyinin kompüter informasiya sisteminə daxil olaraq, şəxsi hesab vərəqələrindən zəruri məlumatı almaq imkanının yaradılması
Vergilər Nazirliyi
2005-2006
 
 
4. «Vergi mədəniyyəti» dərsinin tədrisinin təşkili
Təhsil Nazirliyi, Vergilər Nazirliyi
2005-2007
 
 
5. Orta məktəblərdə vergilərin tədrisi ilə bağlı metodiki kabinetlərin yaradılması
Təhsil Nazirliyi, Vergilər Nazirliyi
2005-2007
 
 
6. Vergi ödəyiciləri ilə vergi orqanlarının əməkdaşları arasında mütəmadi görüşlərin keçirilməsi
Vergilər Nazirliyi
2005-2007
 
 
7. Vergilər Nazirliyinin fəaliyyəti və vergi mədəniyyəti haqqında silsilə televiziya və radio verilişlərinin təşkili
Vergilər Nazirliyi, Televiziya və Radio Verilişləri, Qapalı Səhmdar Cəmiyyəti
2005-2007
 
 
8. Vergilər Nazirliyinin «Vergilər» qəzetinin və veb-saytının təkmilləşdirilməsi
Vergilər Nazirliyi
2005-2007
 
 
9. Vergi ödəyicilərinə xidmət sahəsində müasir beynəlxalq təcrübənin tətbiqi
Vergilər Nazirliyi
2005-2007
 
 
10. Özəl vergi məsləhəti xidmətlərinin təşkili üçün tələb olunan təşkilati və normativ-hüquqi bazanın hazırlanması
Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
2006-2007
 
 
11. Özəl vergi məsləhətçiləri üçün tədris proqramlarının hazırlanması və Vergilər Nazirliyinin Tədris Mərkəzində xüsusi kursların təşkili
Vergilər Nazirliyi
2006-2007
 
 
12. Vergi ödəyicilərinə Vergilər Nazirliyinin internet saytı vasitəsilə yuxarı vergi orqanına (vəzifəli şəxsə) şikayət etmək imkanının yaradılması
Vergilər Nazirliyi
2006
 
 
13. Vergi ödəyiciləri üçün daha mükəmməl apellyasiya sisteminin yaradılması haqqında təkliflərin hazırlanması
Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi
2006-2007
 
 
14. Əmlakın leqallaşdırılması ilə əlaqədar vergi amnistiyası üzrə beynəlxalq təcrübənin öyrənilməsi və təkliflərin hazırlanması
Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi
2006
 
 
15. Fiziki şəxslərin ümumi gəlirləri haqqında vergi bəyannamələrinə (ümumi bəyannamə sisteminə) keçmək üçün menecment, texniki ləvazimat və proqram təminatı üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tələb olunan insan, texniki və maliyyə resurslarının qiymətləndirilməsi
Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
2006
 
 
16. Ölkədə fiziki şəxslərin ümumi gəlirləri haqqında bəyannamənin verilməsinə keçmək üçün Dövlət Proqramı layihəsinin hazırlanması
Vergilər Nazirliyi, Maliyyə Nazirliyi
2007
2.
Vergi dələduzluğu və vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi, vergi inzibatçılığının az riskli sistem kimi formalaşması
1. Əlavə dəyər vergisi ödəyicilərinin qeydiyyat sisteminin təkmilləşdirilməsi
Vergilər Nazirliyi, Maliyyə Nazirliyi
2005-2006
 
 
2. Qeydiyyatdan əvvəl vergidən yayınmaya meyilli olanları aşkar etmək üçün:—şübhəli iqtisadi əməliyyatlar, dələduzluq və vergidən yayınma üzrə xüsusi diaqnostika meyarlarının hazırlanması—Vergilər Nazirliyi ilə üçüncü tərəflər arasında vahid kompüter informasiya bazasının yaradılması və onun nazirliyin kompüter informasiya sisteminə inteqrasiyası—müvafiq meyarlar üzrə Vergilər Nazirliyi ilə üçüncü tərəflər arasında məlumat mübadiləsinin aparılmasının sadələşdirilməsi
Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Milli Bank, Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi
2006
 
 
3. Əlavə dəyər vergisi ilə bağlı vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyalarının tətbiqi barədə təkliflərin hazırlanması
Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi
2005
 
 
4. Vergilər Nazirliyinin nəzdində auditin planlaşdırılması məqsədi ilə vergi ödəyiciləri haqqında hüquqi və iqtisadi analitik məlumat bazasının təkmilləşdirilməsi və bu bazanın nazirliyin vahid kompüter informasiya sisteminə inteqrasiyası
Vergilər Nazirliyi
2005-2006
 
 
5. Səyyar vergi yoxlamalarının səmərəliliyini artırmaq və yoxlamaların aparılması üçün vergi ödəyicilərinin seçilməsində subyektivliyi aradan qaldırmaq məqsədi ilə vergi ödəyicilərinin seçilməsi proseslərinin avtomatlaşdırılması
Vergilər Nazirliyi
2005-2006
 
 
6. Səyyar vergi yoxlamalarının səmərəliliyini xüsusi meyarlar əsasında qiymətləndirməklə yoxlamaların obyektivliyinin təmin edilməsi
Vergilər Nazirliyi
2005
3.
Vergilərin məcburi ödənilməsi sisteminin təkmilləşdirilməsi və vergi borclarının yaranmasının qarşısının alınması
1. Vergilər Nazirliyinin kompüter informasiya sistemi vasitəsilə borcların yaranma müddətlərinə görə qruplaşdırılması və vergi ödəyicilərinə bildirişlərin göndərilməsinin avtomatlaşdırılması
Vergilər Nazirliyi
2006-2007
 
 
2. Əlavə dəyər vergisi üzrə qeydiyyat sisteminin təkmilləşdirilməsi yolu ilə vergi borclarının artmasının qarşısının alınması
Vergilər Nazirliyi
2005-2007
 
 
3. Vergi borclarının ödənilməməsinə görə faiz dərəcələri barədə təkliflərin hazırlanması
Vergilər Nazirliyi
2006-2007
4.
İdarəetmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması
1. Vergilər Nazirliyinin struktur bölmələrinin və vergi orqanlarının sahə üzrə fəaliyyətinin qiymətləndirilməsi sisteminin tətbiqi
Vergilər Nazirliyi
2005-2006
 
 
2. Vergilər Nazirliyinin taktiki planlaşdırma fəaliyyətinin və qərar qəbuletmə qabiliyyətinin optimallaşdırılması məqsədi ilə Menecment İnformasiya Sisteminin (MİS) gücləndirilməsi
Vergilər Nazirliyi
2005-2006
 
 
3. Korrupsiya risklərinin ifşa edilməsi və korrupsiya hallarının qarşısının alınması məqsədi ilə Vergilər Nazirliyində fəaliyyət prosedurlarının təkmilləşdirilməsi və daxili təhlükəsizlik sisteminin gücləndirilməsi
Vergilər Nazirliyi
2006-2007
 
 
4. Vergilər Nazirliyi sistemində çalışan işçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi sisteminin tətbiqi
Vergilər Nazirliyi
2006-2007
 
 
5. Biznes planların tərtib edilməsi, nəzarət və fəaliyyətin qiymətləndirilməsi sahələrində vergi orqanları işçilərinin biliklərinin artırılması
Vergilər Nazirliyi
2005-2006
 
 
6. Vergilər Nazirliyinin işçiləri haqqında avtomatlaşdırılmış məlumat bazasının yaradılması
Vergilər Nazirliyi
2005-2007
 
 
7. Vergilər Nazirliyi işçilərinin fəaliyyətinə görə maddi stimullaşdırma və sosial təminat sisteminin yaradılması
Vergilər Nazirliyi
2005-2007
 
 
8. Vergilər Nazirliyinin Tədris Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi, müasir treninq konsepsiyalarının və üsullarının tətbiqi
Vergilər Nazirliyi
2005-2007
 
 
9. Nazirliyin əməkdaşları və vergi ödəyiciləri üçün məsafədən təhsilin («on-layn» rejimində) təşkili və tədris-metodiki təminatın hazırlanması
Vergilər Nazirliyi
2005-2007
5.
Müasir tələblərə cavab verən kompüter informasiya sisteminin yaradılması
1. Vergilər Nazirliyinin vahid kompüter informasiya sistemi üzrə alt-sistemlərinin proqram təminatlarının hazırlanması və tətbiqi
Vergilər Nazirliyi
2005-2006
 
 
2. Vergilər Nazirliyinin struktur bölmələrində idarəetmə və inzibati proseslərin texnoloji proseslərlə əlaqələndirilməsi
Vergilər Nazirliyi
2005-2006
 
 
3. Vergi ödəyicilərinin vahid dövlət elektron reyestr sisteminin yaradılması
Vergilər Nazirliyi
2005-2006
 
 
4. Vergi ödəyicilərinin elektron bəyannamələrə keçidinin təmin edilməsi
Vergilər Nazirliyi
2006-2007
 
 
5. Vergi ödəyicilərinin vergi orqanları, banklar və xəzinədarlıq arasında ödəmə sənədlərinin yekun elektron reyestrlərinin mübadiləsinin təşkili
Vergilər Nazirliyi
2006-2007