Pakistanla iqtisadi-ticarət və enerji əməkdaşlığı müzakirə olunub
Azərbaycan-Pakistan iqtisadi münasibətlərinin inkişafı və bu istiqamətdə görüləcək işlər barədə müzakirələr aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, Pakistan İslam Respublikasının ticarət naziri Səid Navid Qəmər və neft üzrə dövlət naziri Musadik Məsud Malik arasında görüş keçirilib.
Görüşdə dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan əlaqələrinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, ticarət Pakistanla tərəfdaşlığın əsas prioritetlərindəndir və bu sahəyə xüsusi töhfə verəcək Preferensial Ticarət Sazişinin imzalanması ilə bağlı işlər davam etdirilir. Bununla yanaşı, biznes forumlar və ticarət missiyaları kimi iqtisadi alətlər də səmərəli əməkdaşlıq istiqamətlərininin müəyyənləşdirilməsində və konkret layihələrin icrasında əhəmiyyətli rol oynayır.
Görüşdə Azərbaycanın uzunmüddətli strateji hədəflərindən bəhs edilib, ölkəmizin təşəbbüskarı və fəal iştirakçısı olduğu regional və qlobal enerji layihələrinin tərəfdaş ölkələrin enerji təchizatının diversifikasiyasına töhfə verdiyi qeyd olunub. Bildirilib ki, Pakistanla energetika sahəsində əməkdaşlığın inkişafı və bu sahədə investisiyaların təşviqi üçün geniş imkanlar var.
Tərəflər qarşılıqlı sərmayə qoyuluşlarının artırılması, birgə layihələrin icrası və əməkdaşlığımızın gündəliyində olan digər məsələləri müzakirə ediblər.