Naxçıvan MR-də “Təqib və İzləmə” sisteminin təqdimatı keçirilib
Naxçıvan MR Dövlət Vergi Xidmətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin, Naxçıvan MR DVX-nin və Baş Gömrük İdarəsinin, “T&T Texnologiyalar” şəbəkəsinin əməkdaşlarının və sahibkarların iştirakı ilə aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinin tənzimlənməsi, bu malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin təmin edilməsi məqsədilə tətbiq olunacaq “Təqib və İzləmə” (“Track and Trace”) sisteminin təqdimatı keçirilib.
Təqdimatda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin aparat rəhbəri Emil Qarayev təqib və izləmə metodunun tətbiqini şərtləndirən məqamları diqqətə çatdırıb. Bildirib ki, bu mexanizmin tətbiqi hazırda bütün dünyada aktualdır, həm biznes, həm də nəzarət edən qurumlar üçün prioritetdir. “Təqib və İzləmə” sistemi təchizat zəncirinin keyfiyyətini, səmərəliliyini və şəffaflığını artırmaqla yanaşı, məlumatların paylaşılması və istifadəsi üçün həllərin hazırlanmasına, təhlükəsizliyin və etibarlılığın artırılmasına imkan verir.
Qeyd olunub ki, “Təqib və İzləmə” sistemi istehsal prosesindən ən son istehlakçıya qədər məhsulun keçdiyi bütün yolu real vaxt rejimində izləmək imkanı verir. Sistem vasitəsilə ən çox üstünlük verilən satış nöqtələri və markalar analiz edilir, həmçinin istehsal və logistika imkanlarını optimallaşdırmaq mümkün olur, bu da öz növbəsində biznes xərclərinin azaldılması və mənfəətin artırılmasına şərait yaradır.
“T&T Texnologiyalar” şəbəkəsinin əməkdaşı layihənin tətbiqində üstünlüklər, layihə iştirakçıları, “Təqib və İzləmə” sisteminin ümumi təsviri, marka nümunələri, iştirakçının və məhsulun sistemdə qeydiyyatı və başqa məsələlərlə bağlı işləmə mexanizmi barədə tədbir iştirakçılarına məlumat verib.
Təqdimat zamanı “Təqib və İzləmə” sisteminin muxtar respublikada, vergi sistemində, eləcə də xaricdən idxal olunan aksizli malların gömrük prosedurlarında tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.