Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 297; 2009, № 6, maddə 419; 2011, № 3, maddə 182; 2017, № 5, maddə 802; 2021, № 4, maddə 314, № 12, maddə 1354) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 3.3-2-ci bənd əlavə edilsin:
“3.3-2. Dövlət vergi orqanlarında işə qəbul olunmaq üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar namizəddən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya namizəd tərəfindən təmin edilir.”.
2. 3.4.1-ci yarımbəndə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Əsasnamənin 3.3-2-ci bəndinin müddəaları nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2023-cü il