İqtisadiyyat Nazirliyinin xidmət mərkəzlərinin fəaliyyətinin vahid yanaşmada təşkili barədə
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanı ilə iqtisadi artım üçün əlverişli şəraitin yaradılmasına cavabdeh olan dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir.
Hazırda İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlar tərəfindən ayrı-ayrılıqda müxtəlif formatlarda və platformalarda əhaliyə, o cümlədən sahibkarlıq subyektlərinə çoxçeşidli xidmətlər göstərildiyini nəzərə alaraq, bu sahədə fəaliyyətin vahid yanaşmada təşkili və xidmət istifadəçilərinin məmnunluq səviyyəsinin daha da artırılması məqsədilə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.5.13-cü yarımbəndini rəhbər tutaraq
əmr edirəm:
1. “İqtisadiyyat Nazirliyinin xidmət mərkəzlərinin fəaliyyətinin təşkilinə dair Metodiki Göstəriş” təsdiq edilsin (əlavə olunur).
2. Xidmət mərkəzlərinin fəaliyyətinə ümumi nəzarəti təşkil edən qurum (struktur) İqtisadiyyat Nazirliyi Aparatının Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsi müəyyən edilsin.
3. Nəzərə alınsın ki, Nazirliyin xidmət mərkəzlərində təqdim olunan xidmətlər bilavasitə aidiyyəti qurumlar tərəfindən təşkil edilir.
4. İnsan resursları şöbəsinin müdiri Sevinc İsmayılovaya tapşırılsın ki, bu əmrin 2-ci hissəsində verilmiş tapşırığın icrası məqsədilə Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin strukturuna yenidən baxılaraq Dövlət xidmətlərinin göstərilməsinin təşkili sektorunun ştat sayının artırılması ilə bağlı təkliflərini 10 gün ərzində təqdim etsin.
5. Nazirliyin Aparatının bölmələrinin, digər strukturlarının, strukturuna daxil olmayan tabeliyindəki qurumların, Nazirliyin təsisçisi olduğu, səhmlərinin saxlanılması və ya idarə olunması Nazirliyə həvalə olunmuş hüquqi şəxslərin rəhbərlərinə tapşırılsın:
5.1. İqtisadiyyat Nazirliyinin xidmət mərkəzlərində əhaliyə, o cümlədən sahibkarlıq subyektlərinə xidmətlərin bu əmrlə təsdiq olunmuş Metodiki Göstərişin tələblərinə tam riayət etməklə göstərilməsini;
5.2. rəhbərlik etdikləri struktur bölmələrin (qurumların) funksional fəaliyyət istiqamətləri üzrə xidmətlərin göstərilməsinin nəticələrinə dair rüblük məlumatların Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsi tərəfindən müəyyən edilmiş Formaya uyğun olaraq hesabat dövründən sonrakı ayın 15-dək həmin şöbəyə təqdim olunmasını;
5.3. rəhbərlik etdikləri struktur bölmələrin (qurumların) xidmət mərkəzlərinin fəaliyyətini tənzimləyən təşkilati-sərəncamverici aktların Metodiki Göstərişə uyğunlaşdırılmasını, zərurət yaranarsa müvafiq tədbirlərin görülməsi üçün 10 gün müddətində Nazirliyin Hüquq şöbəsinə aidiyyəti məlumatların təqdim olunmasını təmin etsinlər.
6. Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin müdiri Elçin İbrahimova tapşırılsın:
6.1. bu əmrin 5.1-ci bəndində verilmiş tapşırığın icrası ilə əlaqədar Nazirliyin Aparatının bölmələrinə, digər strukturlarına, strukturuna daxil olmayan tabeliyindəki qurumlara, Nazirliyin təsisçisi olduğu, səhmlərinin saxlanılması və ya idarə olunması Nazirliyə həvalə olunmuş hüquqi şəxslərə əməli-metodiki köməkliyin göstərilməsini və bu sahədəki fəaliyyətin əlaqələndirilməsini;
6.2. bu əmrin 5.2-ci bəndinə əsasən toplanan rüblük statistik məlumatların rüb başa çatdıqdan sonrakı ayın 25-dək ümumiləşdirilərək, icmallaşdırılmış şəkildə artan yekunla iqtisadiyyat nazirinə məruzə olunmasını təmin etsin.
7. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu əmrin 5.3-cü bəndinə əsasən təqdim edilmiş məlumatlar əsasında, habelə Nazirliyin Aparatı üzrə müvafiq tədbirlərin görülməsini təmin etsin.
8. Əmrin icrasına nəzarət iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərova həvalə edilsin.
Əsas: iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun 18.10.2022-ci il tarixli İN-D/Y-34903/2022 nömrəli xidməti məruzəsi.
Nazir
Mikayıl Cabbarov
İqtisadiyyat Nazirliyinin xidmət mərkəzlərinin fəaliyyətinin təşkilinə dair Metodiki Göstəriş