Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Naxçıvanda uçot məlumatlarının dürüstləşdirilməsinə başlanılıb

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində tətbiq edilən yeni vergi inzibatçılığı çərçivəsində sahibkarlıq fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin uçot məlumatlarının dürüstləşdirilməsi prosesinə başlanılıb. Uçot məlumatlarının dürüstləşdirilməsi vergi orqanlarının  nəzarət dairəsinə daxil olan ərazilərdə sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırılması üçün müvafiq ərizə və ya vergiyə cəlb edilən əməliyyatların olmaması barədə arayış və ya bəyannamə  təqdim edən vergi ödəyicilərində və bütün təsərrüfat subyektlərində (obyektlərində) həyata keçiriləcək. Proses vergi əməkdaşlarının vergi ödəyicilərinin təsərrüfat subyektləri (obyektləri) olan ünvanlara getməklə fərdi müşahidələr, onların təqdim etdikləri məlumatlar və sorğular üzrə verdikləri cavablar əsasında reallaşdırılacaq. Bununla əlaqədar olaraq, bütün fəaliyyət göstərən və uçotda olan vergi ödəyicilərinin elektron poçt qutularına bildirişlər göndərilib, həmin bildirişlərdə qeyd edilən məqamlar öz əksini tapıb.

Dürüstləşdirilmə uçot məlumatlarında olan uyğunsuzluqların və müşahidə zamanı aşkar edilmiş kənarlaşmaların vergi ödəyicilərini və təsərrüfat subyektlərini yerində məlumatlandırmaqla könüllü olaraq aradan qaldırılmasına yardım məqsədi daşıyır. Vergi əməkdaşlarına vergi ödəyicilərinə qarşı xüsusi bir tədbir həyata keçirmək, yəni maliyyə sanksiyaları, cərimələr tətbiq etmək və digər məsuliyyət tədbirləri görmək səlahiyyətləri verilməyib.  

Vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin (obyektlərinin)  uçot məlumatlarının dürüstləşdirilməsi işlərinin 2023-cü il avqustun 1-dək başa çatdırılması nəzərdə tutulur.