Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycanda müasir vergi sisteminin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanın dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir zaman kəsiyi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əldə etdiyi nailiyyətlər, sıçrayışlı inkişaf, yüksək sosial tərəqqi məhz Ümummilli Liderin təşəbbüsü ilə hazırlanan və həyata keçirilən iqtisadi inkişaf doktrinasının reallaşdırılması sayəsində mümkün olub. 

Ulu Öndərin nəticəyə hesablanmış siyasəti sayəsində Azərbaycanın milli inkişaf strategiyasının ən mühüm parametrlərindən biri - güclü milli iqtisadiyyatın qurulması istiqamətində ciddi uğurlar əldə edilib. O cümlədən Azərbaycanın müasir vergi sisteminin fundamental əsasları da Ümummilli Liderin birbaşa təşəbbüsü ilə yaradılıb, onun rəhbərliyi altında vergi siyasətinin konseptual əsasları hazırlanıb. "Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik" tezisi ilə vergilərin iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi aparıcı rolunu ehtiva edən Ulu Öndər vergi sistemində aparılacaq islahatların fəlsəfəsi, strategiyası və əsas istiqamətlərini müəyyənləşdirib. Azərbaycanda vergi sahəsində təkmil qanunvericilik bazasının yaradılması da bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi altında Vergi Məcəlləsinin ilkin layihəsi hazırlanaraq 2000-ci ildə qəbul edilib. Bu qanunvericilik aktı vergi inzibatçılığının mühüm bazası kimi təsbit olunub. Vergi administrasiyasının modernləşdirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi sayəsində vergi siyasətinin güclü və işlək mexanizmlərinin ilkin formalaşdırılması prosesi həmin dövrə təsadüf edir. 

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli vergi sistemi son 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında əsaslı modernizasiya prosesi keçib, maddi-texniki bazası genişləndirilib, vergi inzibatçılığı texnoloji cəhətdən yenidən qurulub. Bu dövrdə vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə dövlət proqramı həyata keçirilib, vergi sisteminin geniş diapazonlu texniki imkanlara malik texnoloji bazası yaradılıb. Nəticədə ölkədə çevik vergi siyasətini həyata keçirməyə qadir, beynəlxalq standartlara cavab verən müasir vergi xidməti formalaşıb.

Məhz Ulu Öndərin konseptual yanaşmasının Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilməsi nəticəsində vergi siyasəti təkcə büdcə gəlirlərini təmin etməyi nəzərdə tutan fiskal məqsədlərə deyil, eyni zamanda ölkədə iqtisadi inkişafı sürətləndirmək, optimal vergitutma mexanizmi ilə əlverişli investisiya mühiti yaratmaq, sahibkarlığın inkişafını stimullaşdırmaq kimi məqsədlərə xidmət etməyə başlayıb. 

Vergi sisteminin maliyyə dayanıqlığında artan rolu

Vergi xidməti ölkənin büdcə gəlirlərinin formalaşması, iqtisadi inkişafın təmin edilməsi, sahibkarlığın dəstəklənməsi prosesində fəal iştirakçıdır. Bu gün dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, vergi ödəyicilərinə xidmətlər çeşidinin və biznesin fəaliyyətinə effektiv vergi nəzarətinin qurulmasında rəqəmsallaşmanın genişləndirilməsi vergi orqanlarının fəaliyyətinin başlıca prioritetlərini təşkil edir. 
İqtisadi artımın bərpasında vergi təşviqi alətləri iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Vergilərin ölkənin maliyyə dayanıqlığının təmin edilməsində rolu ildən-ilə artır. Təkcə onu göstərmək kifayətdir ki, 2022-ci ildə ümumilikdə Dövlət Vergi Xidmətinin üzərinə düşən fiskal yığımların həcmi ölkə üzrə bütün fiskal yığımların 78,9 faizini təşkil edib. Bu göstərici dövlətimizin büdcə ehtiyaclarının təmin edilməsində vergilərin artan rolunun bariz sübutudur. Büdcənin cari xərclərinin örtülməsində vergi daxilolmalarının artan payı Dövlət Neft Fondundan büdcəyə transferlərin azaldılmasına da imkan verir.

"Kölgə iqtisadiyyatı" ilə mübarizə və iqtisadiyyatda şəffaflıq

Ölkə iqtisadiyyatının sürətli inkişafı vergi sistemi qarşısında da yeni çağırışlar yaradır. Əgər 2018-ci ilə, yəni vergi sistemində "yeni keyfiyyət başlanğıcı" adlandıra biləcəyimiz dövrün əvvəlinə qayıtsaq, son 5 ildə istər vergi sistemində, istərsə də biznes-dövlət münasibətlərində və biznesin fəaliyyəti kontekstində böyük dəyişiklikləri müşahidə edə bilərik. 
Son illər qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının dinamik artımında və vergitutma bazasının genişlənməsində "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması və şəffaflaşma ən mühüm amil kimi təsbit edilib. Bu dövrdə biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımların da böyük rolu olub.
2022-ci ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının nominal artım tempi 27,9, 2023-cü ilin birinci rübündə 16,4 faiz olub. Bu, həmin sektorda vergi yığımı bazasını təşkil edən ÜDM-nin nominal artım tempini, yəni 2022-ci il üzrə 21,6 faiz, 2023-cü ilin birinci rübü üzrə 15,4 faizlik artımı üstələyir. Cari ilin birinci rübündə vergi daxilolmaları ötən illə müqayisədə 74,8 faiz artıb. Beləliklə, iqtisadiyyatda şəffaflaşma amilinin davamlı bir şəkildə irəlilədiyinin şahidi oluruq. 
Biznesin fəaliyyətində müşahidə edilən digər göstəricilər də bu qənaəti möhkəmləndirir. Vergi orqanlarının informasiya bazalarına əsaslanan dəyərləndirmələrinə diqqət yetirsək, görə bilərik ki, 2022-ci ildə əvvəlki illə müqayisədə qeyri-neft sektoru üzrə dövriyyə 22,6 faiz, ƏDV üzrə dövriyyə 21,7 faiz, elektron qaimə-faktura üzrə dövriyyənin həcmi isə 26 faiz artıb. 2023-cü ilin birinci rübü üzrə bu göstəricilər isə belədir: qeyri-neft sektoru üzrə dövriyyə 11,3, ƏDV üzrə dövriyyə 11,4, elektron qaimə-faktura üzrə dövriyyənin həcmi isə 31,6 faiz artıb. Bütün bu göstəricilər sözügedən sektorda şəffaflaşmanı ifadə edən indikatorlardır. 
İqtisadi aktivlik, "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması istiqamətində aparılan işlər bir çox sahədə fəaliyyətin leqallaşmasına, aktiv ödəyici kateqoriyasının artmasına imkan verib. ƏDV ödəyicilərinin sayında müşahidə olunan artım isə fiskal baxımdan xüsusilə aktualdır. 2022-ci ildə aktiv vergi ödəyicilərinin sayı 7, aktiv ƏDV ödəyicilərinin sayı 15,1, aktiv obyektlərin sayı isə 3,2 faiz artıb. 2023-cü ilin 1-ci rübündə isə bu göstəricilərdə artım müvafiq olaraq 1,7, 3,9 və 1,2 faizdir. Bu ilin aprel ayına aktiv vergi ödəyicilərinin sayı 724 mindən çox olub. 
Əmək bazarının "ağardılması" məqsədilə əmək haqları üzrə 2019-cu ilin əvvəlindən tətbiq olunan vergi güzəştləri sayəsində qeyri neft-qaz sektorunda əmək müqavilələrinin sayı mayın 
1-i tarixinə 313 mindən çox artıb ki, bu da islahatın ortamüddətli dövrdə səmərəliliyinə dəlalət edir. Əmək müqavilələrinin sayının artımının təsiri ilə əməkhaqqı fondunun böyüməsi sosial sığorta haqlarının yığım bazasının genişlənməsinə səbəb olur və nəticədə Dövlət Sosial Müdafiə Fondunun büdcədən maliyyə asılılığı azalır. Əgər 2018-ci ildə fondun gəlirlərində büdcədən transferin xüsusi çəkisi 36 faizə yaxın idisə, 2022-ci ildə bu göstərici 20 faizdən aşağı enib. İqtisadiyyatda daha bir şəffaflaşma kimi, könüllü vergi daxilolmalarının 2023-cü ilin birinci rübü üzrə 96 faizə çatmasını göstərmək olar.

Rəqəmsal xidmətlər və yeni layihələr

Vergi inzibatçılığının təkmilləşdirilməsi, iqtisadi sistemin yeni çağırışlarına uyğun müasir rəqəmsal platformaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər davam edir. Bu baxımdan xidmət keyfiyyətinin və vergi ödəyicilərinin rahatlığının yüksəldilməsi üçün interaktiv xidmətlərin inkişafı və təmassız xidmət əsas prioritetlərdəndir. 
Ölkəmizdə həyata keçirilən "Əlverişli Biznes Mühiti" layihəsinin 2 mühüm indikatoru - "Biznesə başlama" və "Vergitutma" indikatorları üzrə işçi qruplarına Dövlət Vergi Xidməti rəhbərlik edir. Ötən il hər iki işçi qrup digər dövlət strukturları ilə birgə sözügedən sahələrdə təkmilləşdirmə prosesi üzrə intensiv fəaliyyətə başlayıb. Yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması tezliklə bu sahədə ciddi yeniliklərə gətirib çıxaracaq. 
Hazırda İnternet Vergi İdarəsinin yeni e-portal layihəsi üzərində işlər davam edir. Bu portal müasir standartlara cavab verən, vergi ödəyicisi üçün daha sadə, əlçatan yeni elektron kabinetin (internet portalının) yaradılmasını nəzərdə tutur. Həmçinin layihə çərçivəsində bəzi yeni xidmətlərin tətbiqi planlaşdırılır ki, bu da vergi ödəyiciləri üçün böyük fayda gətirəcək, könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə xidmət edəcək. Eyni zamanda vergi ödəyiciləri üçün elektron kabinetin mobil tətbiqi üzərində də iş aparılır. Bu, vergi ödəyicilərinin bir sıra əməliyyatlarının mobil tətbiq üzərindən sadə şəkildə icrasının təmin edilməsinə, İnternet Vergi İdarəsinin imkanlarından daha rahat istifadəyə nail olunmasına, vergi, sosial sığorta və icbari tibbi sığorta ilə bağlı öhdəliklərin vaxtında icrasına imkan verəcək. 
Hazırda bir sıra interaktiv elektron xidmətlərin yaradılması istiqamətində də tədbirlər görülür. Bu sırada yeni elektron xidmətlər vasitəsilə vergi qanunvericiliyinin tətbiqi ilə bağlı yanaşmaları, habelə inzibati şikayətlər üzrə formalaşmış təcrübədən irəli gələn rəsmi mövqeləri əks etdirən resurs istifadəyə veriləcək. Beləliklə, rəqəmsal həllərə söykənən bu dəyişikliklər və imkanların yaradılması vergi ödəyicilərinin vaxt itkisinin və lüzumsuz prosedurların aradan qaldırılmasına gətirib çıxaracaq. 

Vergi xidməti yeni çağırışlar qarşısında

Ölkədə iqtisadi artımın təmin edilməsi prosesində vergi sisteminin tənzimləyici funksiyaları mühüm rol oynayır. Qarşıdakı dövrdə vergi siyasətinin əsas hədəfləri ilk növbədə iqtisadi təşviq, effektiv nəzarət, rəqəmsallaşma prinsipləri əsasında reallaşdırılacaq. İqtisadiyyatın şaxələndirilməsi və investisiyaların cəlb olunmasında vergi siyasətinin tənzimləyici rolu davam etdiriləcək, "kölgə iqtisadiyyatı" ilə sistemli mübarizənin aparılması yenə də əsas prioritet olacaqdır. Vergi inzibatçılığının keyfiyyətinin artması şəraitində qarşıda duran fiskal öhdəliklər üzrə proqnozların icra edilməsi, vergi ödəyicilərinə xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, risk əsaslı nəzarət sisteminin genişləndirilməsi, ortamüddətli perspektiv üçün vergi siyasəti üzrə hədəflərin həyata keçirilməsi əsas istiqamətlərdir.
Vergi sistemində rəqəmsallaşma səviyyəsi və rəqəmsal inzibatçılıq daha da dərinləşdiriləcək. Sayı artaraq 724 mini keçmiş aktiv vergi ödəyicilərinə münasibətdə effektiv nəzarətin qurulması yalnız bu yolla mümkündür. Vergi xidmətinin insan resursları müvafiq rəqəmsal alətlərə malik olmaldır ki, vergi ödəyicilərinin fəaliyyətini nəzarətdə saxlamaq, vergidən yayınma hallarının qarşısını almaq mümkün olsun. Bu baxımdan vergi xidmətinin rəqəmsallaşma səviyyəsi və dərinliyi artırılacaq. 
Beləliklə, vergi siyasətinin iqtisadiyyatın, o cümlədən sahibkarlığın inkişafında, böyüməsində və güclənməsində iştirakı artmaqda davam edir. Ekosistemin keyfiyyətinin yaxşılaşdırılması, sabit, şəffaf və rəqabətli olması vergi siyasəti vasitəsilə dəstəklənəcək. 
Bir sözlə, müasir vergi sistemi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi konsepsiyaya əsasən, təkcə iqtisadiyyatımızın maliyyə dayaqlarının möhkəmləndirilməsinə deyil, həm də ölkəmizdə sahibkarlığın inkişafı və tərəqqisinə xidmət edəcək. 

Orxan NƏZƏRLİ,
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri