Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İqtisadiyyat naziri Türkiyəyə səfər edib

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol” imzalanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Samsun şəhərində Türkiyənin ticarət naziri Mehmet Muşla görüşüb.

Görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçılarının siyasi iradəsinin, verdikləri tapşırıqların icrasının əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan-Türkiyə müttəfiqliyi ölkələrimizin iqtisadi potensialından səmərəli istifadə edilməsi üçün əlverişli şərait yaradır. Nazir bildirib ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iki ölkə arasında Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi qardaş ölkə ilə ticarət dövriyyəsinin artırılması istiqamətində hədəflərimizin gerçəkləşməsinə növbəti töhfə olacaq.

Türkiyənin ticarət naziri Mehmet Muş ölkələrimizin dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb, Azərbaycan-Türkiyə iş birliyinin daha da gücləndirilməsi istiqamətləri bardə fikirlərini bildirib.

Görüşdə ticarət və investisiya qoyuluşu üzrə cari vəziyyət nəzərdən keçirilib, həmçinin reallaşdırıla biləcək əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol” imzalanıb. Sənədi İqtisadiyyat naziri Mikayıl Cabbarov və türkiyəli həmkarı Mehmet Muş imzalayıblar. Qeyd edək ki, 2021-ci ilin 1 mart tarixində qüvvəyə minmiş Preferensial Ticarət Sazişi bir sıra məhsullarımızın Türkiyəyə güzəştli şərtlərlə - idxal rüsumu ödənilmədən ixracına imkan verir.

Samsun şəhərində Türkiyədən olan iş adamları ilə keçirilən görüşdə biznes dairələri arasında qarşılıqlı əlaqələrdən məmnunluq ifadə olunub, ölkəmizdə yaradılan biznes və investisiya imkanları müzakirə edilib. Sahibkarlarla ölkələrimiz arasında ticarət dövriyyəsinin, biznes srtukturları arasında işgüzar tərəfdaşlığın daha da inkişaf etdirilməsi, investisiya qoyuluşlarının artırılması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qonaqlar Samsun Bandırma Gəmi Muzeyini ziyarət edib, müasir Türkiyənin qurucusu Atatürkün 19 may 1919-cu ildə Bandırma Vapuru ilə məhz burada sahilə çıxaraq başlatdığı milli mübarizə hərəkatının və bu il 100 yaşını qeyd etdiyimiz Türkiyə Respublikasının qurulmasının şanlı tarixini əks etdirən eksponatlarla, həmçinin Türkiyənin ilk yerli elektromobili "Togg" ilə tanış olublar.