Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş şahmat turniri başa çatıb
Aprelin 28-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş şahmat turnirinin final mərhələsi və bağlanış mərasimi keçirilib.
Növbəti püşkatmadan sonra VII, VIII və IX turlar üzrə oyunlar keçirilib, iştirakçılar öz şahmat bacarıqlarını nümayiş etdiriblər, turnirin qalibləri müəyyən olunub.
Sonra turnir qaliblərinin təntənəli şəkildə mükafatlandırılması mərasimi keçirilib.
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli turnirin bağlanış mərasimində çıxış edərək qalibləri təbrik edib. Onun sözlərinə görə, ötən əsrin 70-ci illərində şahmata olan marağın sürətlə artması nəticəsində bu idman növü nəinki böyük populyarlıq qazanıb, eləcə də xalqımızın intellektual dəyərlərindən irəli gələrək böyük uğurlara nail olunmuş bir idman sahəsinə çevrilib. Sovet İttifaqı dövründə dünya şahmat tacının Azərbaycana gətirilməsində də Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən müddətdə şahmat bir idman növü olaraq ölkəmizdə güclü inkişaf edib. Şahmatçılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələrə nail olub.
DVX rəisi dövlət başçısı İlham Əliyev tərəfindən də ölkəmizdə şahmatın inkişafına xüsusi diqqət göstərildiyini bildirib, Azərbaycanda şahmatın inkişafının diqqət mərkəzində saxlanıldığı, ölkəmizdə yeni şahmat məktəblərinin istifadəyə verildiyi vurğulanıb. Qeyd olunub ki, FIDE reytinqinin aprel ayı üçün açıqlanan siyahısında dünyanın ilk onluğunda Azərbaycan şahmatçısı da yer alır. Ölkəmizdə beynəlxalq qrossmeysterlər, beynəlxalq ustalar, FİDE ustaları, FİDE hakimləri və beynəlxalq hakimlər vardır. Azərbaycan dünya şahmatına Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov kimi şahmatçılar verib.
Xüsusi vurğulanıb ki, şahmat digər peşələr üçün də olduqca vacib xüsusiyyətlər yarada bilən idman növüdür. O insanda diqqət və səbr, planlaşdırma, təsəvvüretmə qabiliyyəti, vaxtın idarəolunması, stressə davamlılıq, iradə və xarakter formalaşdırır. Bu gün vergi xidmətində kadrlarla aparılan işlərin məntiqi əsasları da elə bu prinsiplərə, həmçinin bacarıqların inkişaf etdirilməsi, düşünmə qabiliyyəti və düzgün qərarların qəbulu qaydalarına söykənir.
DVX rəisi bütün qalibləri və iştirakçıları təbrik edib, onlara şəxsi və işgüzar həyat yolunda uğurlar arzulayıb.
Turnirin qalibi Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşı Sahir Əlizadə olub. İkinci yeri Dövlət Vergi Xidmətinin Hüquq baş idarəsinin şöbə rəisi Babək İbrahimov, üçüncü yeri 4 saylı Ərazi Vergilər İdarəsinin şöbə rəisi Şəhriyar Məmmədov tutublar. Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olunub, fotolar çəkilib.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş turnirə aprelin 10-da start verilmişdi. İsveçrə sistemi üzrə keçirilən turnirdə vergi orqanlarının bütün struktur bölmələrindən ümumilikdə 100-ə yaxın əməkdaş iştirak edib.