Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İqtisadiyyat Nazirliyində görüş keçirilib

Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovla görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın son dövrlər fəal inkişaf etdiyi vurğulanıb, investisiyaların təşviqi və potensial layihələr barədə müzakirələr aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovla görüşündə ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verildiyi vurğulanıb. Qeyd edilib ki, dövlət başçılarının səfərləri, keçirilən yüksək səviyyəli görüşlər strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafına təkan verib. Bildirilib ki, bu ilin fevralında Daşkənddə keçirilmiş 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu əməkdaşlığımızın genişləndirilməsi üçün yeni üfüqlər açıb. Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ötən ilin avqustunda keçirilmiş iclasında əldə olunmuş razılıqların uğurla həyata keçirilməsi istiqamətində atılan məqsədyönlü addımlar da səmərəli nəticələr verir. Bildirilib ki, qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var. Bu məqsədlə Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması üzrə işlər davam etdirilir.

Ləziz Kudratov ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb, işgüzar münasibətlərin, Özbəkistan və Azərbaycan regionları arasında əlaqələrin qurulmasının qarşılıqlı faydalı tərəfdaşlığımızı daha da gücləndirəcəyini bildirib. Qeyd olunub ki, Azərbaycandakı əlverişli biznes imkanları Özbəkistan sahibkarlarının ölkəmizdəki sənaye zonalarına investisiya yatırmağa və birgə layihələr icra etməyə marağını artırır. 

Tərəflər sənaye, energetika, kənd təsərrüfatı, investisiya, kiçik və orta biznes, ticarət, nəqliyyat-tranzit və digər sahələrdə tərəfdaşlığın gücləndirilməsi baxımından əhəmiyyət kəsb edən məsələlər barədə də fikir mübadiləsi aparıblar.