"Kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda hesabın açılması, hesab nömrələrinin dəyişdirilməsi, hesab nömrələrinin köçürülməsi və hesab nömrələrinin bağlanılması ilə bağlı Qaydalar”
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin 13 aprel 2023-cü il tarixli
2317040100541700 nömrəli Əmri ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. "Kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda (bundan sonra - bank əməliyyatları aparan şəxslərdə) hesabın açılması, hesab nömrələrinin dəyişdirilməsi, hesab nömrələrinin köçürülməsi və hesab nömrələrinin bağlanılması ilə bağlı Qaydalar” (bundan sonra – Qaydalar) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) maddələrinə, Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununa, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 04.02.2022-ci il tarixli 4/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”na uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydaların məqsədi bank əməliyyatları aparan şəxslərdə hesabın açılması, hesab nömrələrinin dəyişdirilməsi, hesab nömrələrinin köçürülməsi və hesab nömrələrinin bağlanılması, sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident kredit təşkilatlarında və ya qeyri-rezident bank əməliyyatı aparan şəxslərdə açılmış hesablar barədə məlumatın verilməsi ilə bağlı qaydaların və bu prosesdə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərini müəyyən etməkdir.
1.3. Bu Qaydaların müddəaları vergi uçotuna alınmayan vergi ödəyicilərinə şamil edilmir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:
2.1.1. kredit təşkilatı - bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatı;
2.1.2. bank olmayan kredit təşkilatı - qanunla bank olmayan kredit təşkilatı statusuna malik olan hüquqi şəxs;
2.1.3. şəhadətnamə-dublikat - hesab açmaq məqsədilə bank əməliyyatı aparan şəxslərə təqdim olunmaq üçün kommersiya hüquqi şəxsin ilkin qeydiyyatı zamanı dövlət qeydiyyatını aparan vergi orqanı tərəfindən, digər hallarda isə vergi ödəyicisinə uçotda olduğu vergi orqanı tərəfindən verilən və özündə hesab açılacaq bank əməliyyatı aparan şəxsin (filialının) adını, hesabın növünü və valyutanın adını əks etdirən və 01.10.2023-cü il tarixədək qüvvədə olan sənəd;
2.1.4. bildiriş nömrəsi - 01.10.2023-cü il tarixdən bank əməliyyatları aparan şəxslər tərəfindən vergi ödəyicilərinə açılmış hesabların qəbulu ilə bağlı bildirişə verilən nömrə.
3. Bank əməliyyatları aparan şəxslərdə hesabın açılması
3.1. Vergi ödəyiciləri uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra hesab açmaq üçün bank əməliyyatı aparan şəxslərə (onların filiallarına, şöbələrinə) müraciət edir.
3.2. Vergi ödəyicisinin Vergi Məcəlləsinin 30-cu maddəsinə əsasən kommersiya və (və ya) vergi sirri hesab edilən məlumatların bank əməliyyatı aparan şəxslərə (onların filiallarına, şöbələrinə) ötürülməsi ilə bağlı gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş müraciətindən sonra bank əməliyyatı aparan şəxslər (onların filialları, şöbələri) tərəfindən VÖEN üzrə vergi orqanına sorğu göndərilir. Göndərilmiş sorğu əsasında Dövlət Vergi Xidmətinin proqram təminatı tərəfindən avtomatik olaraq vergi ödəyicisi barədə aşağıdakı məlumatlar və sənədlər bank əməliyyatı aparan şəxslərə (onların filiallarına, şöbələrinə) ötürülür:
3.2.1. VÖEN Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən vergi uçotuna alınmış fiziki şəxsə məxsus olduqda:
3.2.1.1 əsas fəaliyyət növünün adı;
3.2.1.2. 5 rəqəmli fəaliyyət kodu;
3.2.1.3. fiziki şəxsin vətəndaşı olduğu ölkə;
3.2.1.4. fiziki şəxsin uçotu haqqında şəhadətnaməsi.
3.2.2. VÖEN hüquq şəxsə məxsus olduqda:
3.2.2.1. əsas fəaliyyət növünün adı;
3.2.2.2. 5 rəqəmli fəaliyyət kodu;
3.2.2.3. təsisçisinin ölkəsi;
3.2.2.4. rəhbərinin adı, soyadı, atasının adı;
3.2.2.5. nizamnamə;
3.2.2.6. dövlət qeydiyyatı haqqında şəhadətnamə;
3.2.2.7. dövlət reyestrindən çıxarış.
3.3. Bank əməliyyatları aparan şəxslər vergi ödəyicilərinə hesablar açır və açılmış hesabların Dövlət Vergi Xidmətinin informasiya sisteminə daxil edilməsi üçün İqtisadiyyat Nazirliyinin Kollegiyasının 15.03.2023-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq, banklar, kredit təşkilatları və poçt rabitəsinin milli operatoru tərəfindən vergi ödəyicilərinə açılmış hesablar (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan açılmış hesablar istisna olmaqla) barədə məlumat forması”nda qeyd edilən məlumatları real vaxt rejimində elektron qaydada vergi orqanına göndərir.
3.4. Vergi ödəyicisinin dövlət büdcəsinə və büdcədənkənar fondlara vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda bank əməliyyatları aparan şəxslərdən daxil olmuş məlumatlar Dövlət Vergi Xidmətinin informasiya sistemində real vaxt rejimində emal edilərək hesabın açılması üzrə hazırlanmış Bildiriş (Əlavə 1) qeydiyyata alınmaqla sistem tərəfindən imzalandıqdan sonra hesab açılmış bank əməliyyatları aparan şəxsin elektron kabinetinə göndərilir.
3.5. Adına hesab açılmış vergi ödəyicisinin dövlət büdcəsinə və büdcədənkənar fondlara vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduğu və Vergi Məcəlləsinin 65.1-ci maddəsi ilə müəyyən edilən müddət bitmədiyi halda, vergi orqanı tərəfindən hesabın qeydiyyata alınmasına dair bank əməliyyatı aparan şəxslərə göndərilən bildirişdə borc barədə məlumat əks olunmur.
3.6. Adına hesab açılmış vergi ödəyicisinin dövlət büdcəsinə və büdcədənkənar fondlara vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduğu və Vergi Məcəlləsinin 65.1-ci maddəsi ilə müəyyən edilən müddət bitdiyi halda açılan hesab barədə məlumatlar AVİS-ə daxil edildikdən sonra sərəncamlar sistem tərəfindən avtomatik hazırlanır, AVİS-in müvafiq ekranlarında əks olunur və müvafiq qaydalara uyğun olaraq vergi orqanı tərəfindən hesabın qeydiyyata alınmasına dair bildirişlə eyni gündə bank əməliyyatı aparan şəxslərə göndərilir və Bildirişdə (Əlavə 2) bu barədə qeyd edilir.
3.7. Bank əməliyyatları aparan şəxslərdən daxil olmuş məlumatlar əsasında Dövlət Vergi Xidmətinin informasiya sistemində hesabın qeydiyyata alınmasına dair hazırlanmış bildiriş daxil olmadan bank əməliyyatı aparan şəxslər tərəfindən hesab üzrə məxaric əməliyyatları aparıla bilməz.
3.8. Vergi orqanı tərəfindən vergi ödəyicilərinin bank idarələrində açılmış hesabları barədə mənbəyi bəlli olan məlumat əldə edildikdə, Vergi Məcəlləsinin 60-cı maddəsi ilə müəyyən edilmiş tədbirlərin görülməsi üçün hesabı açmış bank əməliyyatı aparan şəxsin uçotda olduğu vergi orqanına məktub göndərilir.
4. Sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident kredit təşkilatlarında və ya qeyri-rezident bank əməliyyatı aparan şəxslərdə hesabların açılması
4.1. Vergi Məcəlləsinin 16.1.11-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident kredit təşkilatlarında və ya qeyri-rezident bank əməliyyatı aparan şəxslərdə açılmış hesablara dair İqtisadiyyat Nazirliyinin Kollegiyasının 15.03.2023-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-ci maddəsinə uyğun olaraq, sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident kredit təşkilatlarında və ya bank əməliyyatı aparan şəxslərdə açılmış hesablar barədə məlumat forması” bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim edilir.
4.2. Vergi ödəyicisi tərəfindən təqdim edilən “Sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident kredit təşkilatlarında və ya qeyri-rezident bank əməliyyatı aparan şəxslərdə açılmış hesablar barədə” məlumat formasında göstərilən məlumatlar Dövlət Vergi Xidmətinin informasiya sisteminə daxil edilir və məlumat forması vergi ödəyicisinin iş qovluğuna əlavə edilir.
4.3. Vergi Məcəlləsinin 58.11-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında və ya bank əməliyyatı aparan qeyri-rezident şəxslərdə açılmış hesaba (rezident banklar tərəfindən qeyri-rezident banklarda açılmış müxbir hesablar istisna olmaqla) dair məlumatlar bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim edilmədikdə həmin hesaba mədaxil edilmiş pul vəsaitinin 100 faizi miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.
5. Bank əməliyyatları aparan şəxslərdə açılmış hesab nömrələrinin dəyişdirilməsi
5.1. Adına hesab açılmış vergi ödəyicisinin hesab nömrələrində dəyişiklik edildikdə bank əməliyyatları aparan şəxs tərəfindən interaktiv rejimdə VÖEN və bildiriş (şəhadətnamə-dublikat) nömrəsi daxil edilməklə yeni hesab nömrəsi, hesabın dəyişdirilmə tarixi Dövlət Vergi Xidmətinin informasiya sisteminə ötürülür. Bildiriş nömrəsi şəhadətnamə-dublikata verilən nömrəyə tətbiq olunan alqoritm üzrə hazırlanır.
5.2. Hesabların dəyişdirilməsi barədə məlumatlar hesabı dəyişdirilən vergi ödəyicisinin iş qovluğunda öz əksini tapır.
6. Bank əməliyyatları aparan şəxslərdə açılmış hesab nömrələrinin bağlanılması
6.1. Adına hesab açılmış vergi ödəyicisinin hesab nömrələri bağlandıqda bank əməliyyatları aparan şəxs tərəfindən interaktiv rejimdə VÖEN və bildiriş (şəhadətnamə-dublikat) nömrəsi daxil edilməklə hesabın bağlanma tarixi Dövlət Vergi Xidmətinin informasiya sisteminə ötürülür.
6.2. Hesabların bağlanılması barədə məlumatlar hesabı bağlanılan vergi ödəyicisinin iş qovluğunda öz əksini tapır.
7. Vergi ödəyicilərinə məxsus hesabların köçürülməsi
7.1. Vergi Məcəlləsinin 35.5-ci maddəsinə əsasən vergi ödəyicilərinə məxsus hesabların bank əməliyyatı aparan şəxslərin özü, filial və ya struktur bölmələri arasında köçürülməsi həyata keçirilə bilər.
7.2. Bank əməliyyatı aparan şəxslər tərəfindən köçürülən hesablarla bağlı İqtisadiyyat Nazirliyinin Kollegiyasının 15.03.2023-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 35.5-ci maddəsinə uyğun olaraq, banklar, kredit təşkilatları və poçt rabitəsinin milli operatoru tərəfindən köçürülən vergi ödəyicilərinə məxsus hesablar barədə məlumat forması”nda qeyd edilən məlumatlar hesabın köçürüldüyü tarixdən 1 iş günü müddətində elektron qaydada Dövlət Vergi Xidmətinin informasiya sisteminə ötürülür.