Yüksək riskli zonalara münasibətdə öhdəlik daşıyan şəxslərin hesabatlılığı barədə
Məlum olduğu kimi, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli Qanunu qəbul edilib. Həmin qanunun müddəalarına əsasən, yüksək riskli zonaların vətəndaşları ilə qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin zonalarda olan şəxslərlə və ya onların vasitəsilə, eləcə də həmin zonalarda qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə əlaqədar hər hansı işgüzar münasibətlərə, həmçinin yüksək riskli zona hesab edilən ölkədə təsis edilən, idarə olunan və ya fəaliyyət göstərən üçüncü şəxslər tərəfindən təqdim edilən məlumat və sənədlərə güvənmədən onlara münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq edilməlidir.
Yüksək riskli zonalara münasibətdə FATF tərəfindən edilmiş çağırışların mətni maliyyə monitorinqi orqanının rəsmi internet informasiya ehtiyatında dərc edilir və birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə öhdəlik daşıyan şəxslərə göndərilir. Öhdəlik daşıyan şəxslər FATF tərəfindən edilmiş çağırışlarda müəyyən olunmuş tədbirləri həyata keçirməlidirlər.
Yüksək riskli zonalar hansılardır?
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mötəbər mənbələr (beynəlxalq təşkilat və qurumlar tərəfindən dərc edilmiş qarşılıqlı qiymətləndirmə və ya təfsilatlı hesabatlar, habelə tərəqqi hesabatları) əsasında müəyyən edilmiş adekvat mübarizə sistemi olmayan, silahlı separatizmi, ekstremizmi, muzdluluğu və terror fəaliyyətini dəstəkləyən, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumat və sənədlərinin açıqlanmasını tələb etməyən və beynəlxalq təşkilatlar tərəfindən barəsində sanksiyalar və ya digər analoji tədbirlər tətbiq olunandövlətlər və ya ərazilər yüksək riskli zonalar hesab edilir.
Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlər və xüsusi tələblər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli qərarı ilə "Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin Siyahısı" təsdiq olunub. Sözügedən sənədə əsasən, yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlər və xüsusi tələblər aşağıdaklardır:
-
öhdəlik daşıyan şəxslər tərəfindən gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin xüsusi tələblərini tətbiq etmək;
-
öhdəlik daşıyan şəxslər tərəfindən maliyyə əməliyyatlarına dair hesabatı sistemli olaraq Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim etmək;
-
yüksək riskli zonada təsis edilən, idarə olunan və ya fəaliyyət göstərən maliyyə institutlarının törəmə müəssisələrinin, filiallarının və ya nümayəndəliklərinin lisenziya verilməsindən imtina etmək və ya müvafiq maliyyə qrupunun (holdinqin) cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı adekvat mübarizə sistemlərinə malik olmayan ölkədən (ərazidən) olmasını nəzərə almaqla, həmin ölkənin (ərazinin) cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə tələblərə riayət sistemi ilə Azərbaycan Respublikasının qanunvericiliyi arasında ziddiyət olduqda, həmin maliyyə qrupuna münasibətdə sonuncunun tətbiqini təmin etmək;
-
maliyyə institutlarının yüksək riskli zonada törəmə müəssisə, filial və ya nümayəndəlik yaratmasını qadağan etmək və ya müvafiq törəmə müəssisə, filial və ya nümayəndəliyin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı adekvat mübarizə sistemlərinə malik olmayan ölkədən (ərazidən) olmasını nəzərə almaqla onlara münasibətdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş tədbirləri tətbiq etmək;
-
öhdəlik daşıyan şəxslər tərəfindən yüksək riskli zona və yüksək riskli zonaların vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin zonalarda olan şəxslərlə və ya onların vasitəsilə, eləcə də həmin zonalarda qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə işgüzar münasibətləri və ya maliyyə əməliyyatlarını məhdudlaşdırmaq;
-
öhdəlik daşıyan şəxslər tərəfindən müştərinin təqdimatı zamanı yüksək riskli zonanın öhdəlik daşıyan şəxsləri tərəfindən əldə edilmiş məlumat və sənədlərə güvənməmək;
-
maliyyə institutlarının yüksək riskli zonada təsis edilən, idarə olunan və ya fəaliyyət göstərən maliyyə institutları ilə müxbir münasibətlərinə yenidən baxmaq, dəyişdirmək və ya xitam vermək;
-
yüksək riskli zonanın öhdəlik daşıyan şəxslərinin törəmə müəssisələri, filialları və ya nümayəndəlikləri üçün nəzarət tədbirlərini və (və ya) kənar audit tələblərini artırmaq;
-
yüksək riskli zonada törəmə müəssisələri, filialları və ya nümayəndəlikləri olan maliyyə qruplarının kənar audit tələblərini artırmaq.
"Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin Siyahısı"nın 3-cü və 8-ci hissələrində qeyd olunan məhdudiyyət və xüsusi tələblər müvafiq nəzarət orqanları vasitəsilə, digər hissələrdə qeyd edilən məhdudiyyət və xüsusi tələblər isə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən tətbiq edilir.