Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

"Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Həmin Qanunun 10-cu maddəsinə uyğun olaraq "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bu Qaydaların 3-cü bəndində nəzərdə tutulmuş sənədlərin nümunələrini bir ay müddətində hazırlayıb təsdiq etsin.[1]

2. "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

11-ci bəndin beşinci abzasında "xarici ölkələrin hüquqi şəxslərinə" sözləri "xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, xarici dövlətlərə" sözləri ilə əvəz edilsin.

3. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının 2-ci bəndinin altıncı abzası aşağıdakı redaksiyada verilsin:

"- həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini özəlləşdirilən dövlət müəssisə və obyektlərin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir".

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir. 

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2003-cü il
972

 

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmişdir

Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydaları[2]

I. Ümumi müddəalar

1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, torpaq qanunvericiliyinə, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmışdır və dövlət və ya bələdiyyə torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) üzərində mülkiyyət (icarə) hüquqlarının əldə edilməsi ilə bağlı torpaq hərracları və müsabiqələrinin keçirilməsi qaydalarını müəyyən edir.[3]

2. Torpaq müsabiqələrinin və hərraclarının predmeti sərhədləri və hüquqi rejimi müəyyənləşdirilmiş torpaq sahələri üzərində mülkiyyət və ya icarə hüquqlarıdır.

3. Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla) torpaq müsabiqələri və ya hərracları vasitəsilə mülkiyyət və ya icarəyə verilməsi müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir.

Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir.

Müsabiqə və ya hərrac təşkilatçılar tərəfindən tələb və təklifdən asılı olaraq keçirilə bilər. Müsabiqə və hərracı təşkilatçının təyin etdiyi və tərkibi 5 nəfərdən az olmayan müsabiqə və hərrac komissiyası aparır. Müsabiqə və hərrac komissiyası üzvlərinin üzdə ikisinin qəbul etdiyi qərar səlahiyyətli hesab edilir.

Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, digər torpaq sahələrinin müsabiqələr və hərraclar vasitəsilə mülkiyyət və ya icarəyə verilməsi qaydasını tənzimləyən sənədlərin (ərizə, hərrac iştirakçılarının biletləri, protokol, hərrac və ya müsabiqə qalibinə verilən şəhadətnamə və s.) nümunələri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanır və təsdiq olunur.[4]

3-1. "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində göstərilən şəxslər bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə keçirilən torpaq hərracları və ya müsabiqələri zamanı bu Qaydalarda müəyyən edilmiş üstünlük hüququna malikdirlər. [5]

II. Müsabİqə və hərrac təşkİlatçısı

4. Müsabiqə və hərracların təşkilatçısı - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzidir. Təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün qeydiyyat haqqının miqdarını, torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir. [6]

5. Təşkilatçı alqı-satqı və icarə obyekti üzrə tələb olunan sənədləri və materialları hazırlayır. Bu sənədlər aşağıdakı məlumatları əks etdirilməlidir: [7]

- alqı-satqı və icarə obyekti olan torpaq sahəsinin mülkiyyət hüququna dair sənədin nömrəsi, kadastr məlumatları, yerləşdiyi ərazi (ünvan);

- servitutların da göstərildiyi torpaq sahəsinin planı və ölçüsü ;

- torpaq vergisinin miqdarı;

- alqı-satqı və icarə obyekti olan torpaq sahəsi şəhərin baş inkişaf planının hüdudlarında yerləşdiyi halda şəhərsalma və arxitektura üzrə müvafiq orqanın rəyi;

- torpaq sahəsinin ekoloji vəziyyəti haqqında məlumatlar.

6. Təşkilatçı ərizəçilərin qeydiyyat haqqının köçürəcəyi ünvanı və müddəti müəyyən edir, müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi (bundan sonra "bildiriş") hazırlayıb və onun kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil edir. [8]

Təşkilatçı ərizələrin qəbulu barədə qeydiyyat jurnalında müsabiqə və ya hərracda iştirak etmək istəyənlərin ərizələrini qeyd edir, ərizəçilər tərəfindən təqdim edilmiş sənədlərin bu Qaydaların tələblərinə uyğun tərtib olunub-olunmamasını yoxlayır, müsabiqə və hərracların keçirilməsi və ona hazırlıq barədəki təklifləri protokolla rəsmiləşdirir.

Qeydiyyat haqqının miqdarı icarə haqqının aşağı həddinin 5 faizi həcmində müəyyən edilir. Qeydiyyat üçün alınan haqq geri qaytarılmır.

7. Bildiriş təşkilatçı tərəfindən müsabiqə və ya hərracın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl kütləvi informasiya vasitələrində dərc edilməli və özündə aşağıdakı məlumatları əks etdirilməlidir: [9]

- torpağı müsabiqəyə və ya hərraca çıxaran hüquqi şəxs barədə məlumat (hüquqi şəxsin adı, ünvanı, dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin nömrəsi);

- müsabiqə və ya hərracın keçirilməsi şərtlərini, yerini, vaxtını və tarixini;

"- hərrac addımını (ilkin qiyməti); [10]

- torpaq sahəsinin yerini, sahəsini, kadastr məlumatlarını və torpaq üzərində hüquqları təsdiq edən sənədin nömrəsini, həmçinin həmin torpaq sahəsində yerləşən obyektlərin və digər qurğuların əsas xarakteristikasını;

- müsabiqə və ya hərracda iştirak etmək üçün təqdim olunan sənədlərin siyahısını;

- qeydiyyat haqqının miqdarını, onun köçürülmə müddətini və qaydalarını;

- müsabiqə və ya hərracda iştirak etmək üçün ərizə formasını, ərizələrin qəbulu yerlərinin ünvanını, ərizələrin və sənədlərin ərizəçilərdən qəbulunun başlanğıc və son tarixini;

- torpaq sahəsi və bağlanacaq müvafiq müqavilənin layihəsi ilə tanış olma vaxtını və yerini.

III. Müsabİqə və hərracda İştİrak etmək şərtlərİ, ərİzələrİn verİlməsİ və qəbul edİlməsİ qaydaları

8. Elan olunmuş bildirişə görə icarə obyekti olan torpağın icarə haqqının aşağı həddinin 5 faizi həcmində qeydiyyat haqqının təşkilatçının hesabına vaxtında köçürülməsini təmin edən istənilən fiziki və ya hüquqi şəxs müsabiqə və ya hərracda iştirak edə bilər. [11]

9. Hüquqi və fiziki şəxslər müsabiqə və hərracda iştirak etmək üçün təşkilatçıya ərizə verirlər və ərizədə öz rekvizitlərini göstərirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: [12]

- möhürlü zərfdə təklif (müsabiqə keçirilən hallarda);

- bildirişdə göstərilən hesaba qeydiyyat haqqının köçürülməsini təsdiq edən ödəniş sənədinin surəti;

- ərizə verilən zaman ərizəçinin adından çıxış etməyə vəkil edilmiş şəxsin adına etibarnamə.

Təşkilatçı bu bənddə göstərilmiş sənədlərin qəbulu barədə ərizəçiyə qəbz verir.

10. Aşağıdakı hallarda ərizəçidən ərizə və sənədlər qəbul edilmir: [13]

- ərizələrin qəbulu barədə bildirişdə göstərilən müddət keçdikdən sonra;

- ərizəni ərizəçinin adından çıxış etməyə vəkil edilməmiş şəxs verdikdə;

Sənədlərin qəbulundan imtina edildikdə sənəd qəbul edən şəxs tərəfindən ərizəçinin təqdim etdiyi ərizədə imtinanın səbəbi barədə müvafiq qeyd edilir və sənədlər ərizəçiyə qaytarılır.

Sənədlərini geri götürmüş ərizəçilərin köçürdükləri qeydiyyat haqqı geri qaytarılmır.

11. Müsabiqə və ya hərracda iştirak edənlərin siyahısı barədə təşkilatçının qərarı protokolla rəsmiləşdirilir. Bu protokolda ərizəçilərin adı göstərilməklə qəbul edilmiş və geri götürülmüş ərizələr, müsabiqə və ya hərracda iştirak edən şəxslər, həmçinin müsabiqə və ya hərracda iştiraka buraxılmayan ərizəçilər (buraxılmamağın səbəbi göstərilməklə) qeyd edilir.

12. Müsabiqə və ya hərrac təşkilatçısı ona təqdim olunan ərizələrin və həmin ərizələrə əlavə edilmiş sənədlərin qorunub saxlanılması, həmçinin ərizəçilərin, eləcə də onların təqdim etdiyi sənədlərin məzmununun məxfi qalması üçün tədbirlər görür.

IV. Müsabİqələrİn keçİrİlməsİ qaydaları

13. Ərizəçilərin təklifləri olan möhürlü zərflər müəyyən olunmuş gündə və saatda komissiyanın açıq iclasında açılır. Zərflər açılmamışdan əvvəl komissiya onların açılmamış olduğunu yoxlayır. Yoxlamanın gedişi və nəticəsi müsabiqənin nəticələri haqqında tərtib edilmiş protokolda qeyd olunur. Alqı-satqı qiyməti və ya icarə haqqı rəqəmlə və yazılı şəkildə sözlə göstərilməlidir. Əgər sözlə göstərilən qiymətlə rəqəmlə göstərilən qiymətlər müxtəlif olarsa onda komissiya sözlə yazılan qiyməti əsas götürür. Komissiyanın icazəsindən sonra zərflərin açılışında və təkliflərin edilməsində bütün müsabiqə iştirakçıları və ya onların müvafiq etibarnamələrlə vəkil etdikləri şəxslər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edə bilərlər.

Torpaq sahələri mülkiyyətə və ya icarəyə müsabiqə yolu ilə verildikdə müvafiq olaraq alqı-satqı və ya icarə obyektinə dair müsabiqə komissiyasının şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürməklə ən yüksək alqı-satqı qiyməti və ya müvafiq olaraq alqı-satqı və ya icarə haqqı təklif edən şəxs müsabiqənin qalibi hesab edilir. Təkliflər bərabər olduqda "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində göstərilən şəxslərə üstünlük verilir. Bərabər təkliflər verən iddiaçıların üstünlük hüququ olmadıqda müsabiqə komissiyası iddiaçılara və ya ən azı ikisinin üstünlük hüququ olduqda onlara oradaca əlavə təklif hazırlamaq tapşırır. Əlavə təklif verməkdən imtina edən iddiaçı müsabiqəni uduzmuş sayılır. İki və ya daha çox iddiaçı əlavə təklif verərlərsə, müsabiqə komissiyası onları təhlil edir və müsabiqəni bitirir. Əlavə təklif yazılı şəkildə və gizli surətdə hazırlanır. [14]

V. Hərracın keçİrİlməsİ qaydaları

14. Hərraca çıxarılan torpaq sahəsinə dair mülkiyyət və ya icarə hüquqlarına (bundan sonra - hərrac predmetinə) daha çox alqı-satqı qiyməti və ya icarə haqqı (bundan sonra - qiymət) verən fiziki və ya hüquqi şəxs hərracın qalibi hesab olunur. Hərrac aşağıdakı qayda üzrə keçirilir: [15]

- hərrac onun təşkilatçısının təyin etdiyi hərrac komissiyası üzvlərindən biri olan və hərracı aparan şəxs tərəfindən (bundan sonra "hərracçı") hərrac predmetinin mülkiyyətçisi və əsas xarakteristikası, ilkin qiyməti və hərrac addımı deyilməklə başlanır;

- hərrac iştirakçılarına əvvəlcədən nömrələnmiş biletlər verilir və hərracçı növbəti qiyməti dedikdə bu cür biletləri olan iştirakçılar hərrac predmetini elan edilmiş qiymətə icarəyə götürmək istədikdə həmin biletləri qaldırırlar;

- üstünlük hüququ olan hərrac iştirakçısı öz biletini qaldırmaqla belə hüququ olmayan digər hərrac iştirakçısı tərəfindən təklif edilən qiymətə bərabər qiymət təklif edə bilər. Üstünlük hüququ olan hərrac iştirakçılarının biletləri üstünlük hüququ olmayan hərrac iştirakçıların biletlərindən fərqlənməlidir; [16]

- hərracçı hər sonrakı qiyməti hərrac addımını nəzərə almaqla cari qiyməti qaldırmaq yolu ilə təyin edir. Növbəti qiymət edildikdən sonra hərracçı birinci bilet qaldırmış hərrac iştirakçısının biletinin nömrəsini deyir. Birinci bilet qaldırmış üstünlük hüququ olmayan hərrac iştirakçısından sonra üstünlük hüququ olan hərrac iştirakçılarından bilet qaldıran olduqda hərracçı onun biletinin nömrəsini deyir. Sonra hərracçı hərrac addımına uyğun olaraq, növbəti qiyməti elan edir. Hərrac predmetini təşkilatçının elan etdiyi qiymətə (üstünlük hüququ olan hərrac iştirakçılarından isə belə hüququ olmayan digər iştirakçı tərəfindən təklif edilən son qiymətə)götürmək istəyən şəxslər hərrac iştirakçılarının arasında olmadıqda hərracçı həmin qiyməti üç dəfə təkrar edir; [17]

- hərracçı növbəti qiyməti üç dəfə təkrar etdikdən sonra hərrac iştirakçılarının heç biri biletlərini qaldırmadıqda hərrac başa çatır. Biletinin nömrəsini hərracçıya ən axırda bildirən iştirakçı hərracın qalibi hesab olunur;

- hərracçı hərracın sonunda hərrac predmetini, qiymətini və hərracın qalibinin bilet nömrəsini elan edir; [18]

- hərrac qalibinin təklif etdiyi qiymət hərracın nəticələri haqqında tərtib olunmuş protokolda qeyd olunur. [19]

15. Qalibin müəyyən olunduğu gün hərracın nəticələri hərrac komissiyası üzvlərinin və qalibin imza etdiyi protokolla rəsmiləşdirilir. Protokolda aşağıdakılar göstərilir:

- torpaq sahəsinin yeri, kadastr məlumatları və torpaq üzərində hüquqları təsdiq edən sənədin nömrəsi;

- hərracda qalib gəlmiş ərizəçi haqqında məlumatlar (hüquqi şəxsin rekvizitləri, fiziki şəxsin pasport və ya şəxsiyyət vəsiqəsinin məlumatları);

- hərrac predmetinin qiyməti. [20]

Protokol 2 nüsxədə tərtib olunur. Nüsxənin biri qalibə verilir, digəri isə hərrac təşkilatçısında qalır.

16. Hərrac aşağıdakı hallarda baş tutmamış hesab edilir:

- iştirakçıların sayı ikidən az olduqda;

- hərracın heç bir üzvü ilkin qiymət üç dəfə təkrar olunduqdan sonra biletini qaldırmadıqda; [21]

- hərracın qalibi hərracın nəticələri haqqında olan protokola imza atmaqdan boyun qaçırdıqda.

17. Hərrac baş tutmadıqda təşkilatçının ilkin qiyməti və eləcə də hərrac addımını dəyişdirməklə hərracın təkrar keçirilməsini elan etməyə ixtiyarı vardır. [22]

VI. Müqavİlələrİn bağlanması və hüququn verİlməsİ

18. Dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir.

Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. [23]

Hərracın və ya müsabiqənin keçirilməsi ilə bağlı bütün mübahisələr məhkəmə qaydasında həll edilir.

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1.       10 dekabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 12 dekabr 2008-ci il, 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 12, maddə 1063)

2.       26 noyabr 2014-cü il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2014-cü il, 11, maddə 1421)

15 fevral 2016-cı il tarixli 777 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 21 fevral 2016-cı il, 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, II kitab, maddə 241)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

[1] 15 fevral 2016-cı il tarixli 777 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 21 fevral 2016-cı il, 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, II kitab, maddə 241) ilə 1-ci hissənin ikinci abzası ləğv edilmişdir.

 

[2] 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 12 dekabr 2008-ci il, 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 12, maddə 1063) ilə "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları"nın adında, 2-ci bənddə, 3-cü bəndin birinci, ikinci və dördüncü abzaslarında və 18-ci bəndin birinci abzasında ismin müvafiq hallarında "icarə" sözü ismin müvafiq hallarında "mülkiyyət və ya icarə" sözləri ilə əvəz edilmişdir.

 

[3] 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 12 dekabr 2008-ci il, 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 12, maddə 1063) ilə 1-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1. Bu Qaydalar "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmışdır və torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydalarını müəyyən edir.

26 noyabr 2014-cü il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2014-cü il, 11, maddə 1421) ilə Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları nın 1-ci hissəsinə dövlət və ya bələdiyyə torpaqlarısözlərindən sonra (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) sözləri əlavə edilmişdir.

 

[4] 15 fevral 2016-cı il tarixli 777 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 21 fevral 2016-cı il, 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, II kitab, maddə 241) ilə Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları nın 3-cü hissənin dördüncü abzasında təşkilatçı - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sözləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sözləri ilə əvəz edilmişdir.

 

[5] 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 12 dekabr 2008-ci il, 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 12, maddə 1063) ilə yeni məzmunda 3-1-ci bənd əlavə edilmişdir.

 

[6] 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 12 dekabr 2008-ci il, 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 12, maddə 1063) ilə 4-cü bənddən "qeydiyyat haqqının miqdarını," sözləri çıxarılmışdır.

15 fevral 2016-cı il tarixli 777 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 21 fevral 2016-cı il, 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, II kitab, maddə 241) ilə Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları nın 4-cü hissəyə yeni məzmunda birinci cümlə əlavə edilmişdir.

 

[7] 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 12 dekabr 2008-ci il, 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 12, maddə 1063) ilə 5-ci bəndin birinci, ikinci və beşinci abzaslarda "icarə obyekti" sözlərindən əvvəl "alqı-satqı və" sözləri əlavə edilmişdir və üçüncü abzasda "planı (cizgisi)" sözləri "planı və ölçüsü" sözləri ilə əvəz edilmişdir.

 

[8] 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 12 dekabr 2008-ci il, 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 12, maddə 1063) ilə 6-cı bəndin birinci abzasından"ərizəçilərin qeydiyyat haqqının köçürəcəyi ünvanı və müddəti müəyyən edir," sözləri və üçüncü abzası çıxarılmışdır.

 

[9] 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 12 dekabr 2008-ci il, 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 12, maddə 1063) ilə 7-ci bəndin yeddinci abzas çıxarılmışdır və səkkizinci-doqquzuncu abzaslar müvafiq olaraq yeddinci-səkkizinci abzaslar hesab edilmişdir və səkkizinci abzasda "icarə müqaviləsinin"sözləri "müvafiq müqavilənin" sözləri ilə əvəz edilmişdir.

 

[10] 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 12 dekabr 2008-ci il, 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 12, maddə 1063) ilə dördüncü abzas yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

- icarənin hərrac normasında keçirilməsi zamanı hərrac addımını (icarə haqqının aşağı həddini);

 

[11] 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 12 dekabr 2008-ci il, 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 12, maddə 1063) ilə 8-ci bənddən "icarə obyekti olan torpağın icarə haqqının aşağı həddinin 5 faizi həcmində qeydiyyat haqqının təşkilatçının hesabına vaxtında köçürülməsini təmin edən" sözləri çıxarılmışdır.

 

[12] 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 12 dekabr 2008-ci il, 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 12, maddə 1063) ilə 9-cu bəndin üçüncü abzası çıxarılmışdır və dördüncü-beşinci abzaslar müvafiq olaraq üçüncü-dördüncü abzaslar hesab edilmişdir.

 

[13] 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 12 dekabr 2008-ci il, 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 12, maddə 1063) ilə 10-cu bəndin beşinci abzası çıxarılmışdır.

 

[14] 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 12 dekabr 2008-ci il, 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 12, maddə 1063) ilə 13-cü bəndə birinci abzasın dördüncü cümləsində "İcarə haqqı" sözləri "Alqı-satqı qiyməti və ya icarə haqqı" sözləri ilə əvəz edilmişdir, ikinci abzasın birinci cümləsində "icarəyə" sözündən əvvəl "mülkiyyətə və ya" sözləri, "icarə obyektinə" sözlərindən əvvəl "müvafiq olaraq alqı-satqı və ya" sözləri və "ən yüksək" sözlərindən sonra "alqı-satqı qiyməti və ya" sözləri əlavə edilmişdir, ikinci cümləsində "Təkliflər bərabər olduqda müsabiqə komissiyası iddiaçılara" sözləri "Təkliflər bərabər olduqda "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində göstərilən şəxslərə üstünlük verilir. Bərabər təkliflər verən iddiaçıların üstünlük hüququ olmadıqda müsabiqə komissiyası iddiaçılara və ya ən azı ikisinin üstünlük hüququ olduqda onlara" sözləri ilə əvəz edilmişdir.

 

[15] 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 12 dekabr 2008-ci il, 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 12, maddə 1063) ilə 14-cü bəndə birinci abzasın birinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Hərrac keçirilərkən icarə obyektinə daha çox icarə haqqı verən fiziki və ya hüquqi şəxs hərracın qalibi hesab olunur.

 

[16] 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 12 dekabr 2008-ci il, 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 12, maddə 1063) ilə 14-cü bəndin ikinci abzasda "icarə predmetinin" sözləri "hərrac predmetinin" sözləri ilə, "icarə haqqının aşağı həddi" sözləri "ilkin qiyməti" sözləri ilə əvəz edilmişdir, üçüncü abzasda "icarə haqqını" sözləri "qiyməti" sözü ilə, "icarə obyektini" sözləri "hərrac predmetini" sözləri ilə əvəz edilmişdir və "icarəyə" sözü çıxarılmışdır, dördüncü-yeddinci abzaslar müvafiq olaraq beşinci-səkkizinci abzaslar hesab edilmişdir və yeni məzmunda dördüncü abzas əlavə edilmişdir.

 

[17] 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 12 dekabr 2008-ci il, 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 12, maddə 1063) ilə 14-cü bəndin beşinci abzasında, birinci cümlədə "icarə haqqını" sözləri "qiyməti" sözü ilə əvəz edilmişdir, üçüncü-dördüncü cümlələr müvafiq olaraq dördüncü-beşinci cümlələr hesab edilmişdir və yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir, beşinci cümlədə "İcarə obyektini" sözləri "Hərrac predmetini" sözləri ilə, "elan etdiyi qiymətə icarəyə" sözləri "elan etdiyi qiymətə (üstünlük hüququ olan hərrac iştirakçılarından isə belə hüququ olmayan digər iştirakçı tərəfindən təklif edilən son qiymətə)" sözləri ilə əvəz edilmişdir.

 

[18] 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 12 dekabr 2008-ci il, 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 12, maddə 1063) ilə yeddinci abzasda "torpaq sahəsinin icarəyə verilməsini, icarə haqqının məbləğini" sözləri "hərrac predmetini, qiymətini" sözləri ilə əvəz edilmişdir.

 

[19] 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 12 dekabr 2008-ci il, 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 12, maddə 1063) ilə səkkizinci abzasda "icarə haqqı"sözləri "qiymət" sözü ilə əvəz edilmişdir.

 

[20] 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 12 dekabr 2008-ci il, 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 12, maddə 1063) ilə 15-ci bəndin dördüncü abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

- icarəyə götürülmüş torpaq sahəsinin icarə haqqının məbləği.

 

[21] 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 12 dekabr 2008-ci il, 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 12, maddə 1063) ilə 16-cı bəndin üçüncü abzasında "icarə haqqının aşağı həddi" sözləri "ilkin qiymət" sözləri ilə əvəz edilmişdir.

 

[22] 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 12 dekabr 2008-ci il, 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 12, maddə 1063) ilə 17-ci bənddə "icarə haqqının şərtlərini" sözləri "ilkin qiyməti" sözləri ilə əvəz edilmişdir.

 

[23] 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 12 dekabr 2008-ci il, 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 12, maddə 1063) ilə 18-ci bəndin ikinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Bu şəhadətnamənin əsasında təşkilatçı ilə hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxs arasında 20 gündən gec olmayaraq mülki və torpaq icarəsi haqqında qanunvericiliyə uyğun olaraq icarə müqaviləsi bağlanılır.

15 fevral 2016-cı il tarixli 777 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 21 fevral 2016-cı il, 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, II kitab, maddə 241) ilə Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları nın 18-ci hissənin ikinci abzasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu sözləri Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi sözləri ilə əvəz edilmişdir.