40-dan çox tələbə Dövlət Vergi Xidmətində istehsalat təcrübəsi keçir
İqtisadi sahədə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılması, vergi xidmətinin işinə marağın artırılması, gələcəkdə vergi orqanlarına savadlı kadrların cəlb edilməsi məqsədilə 2023-cü ilin fevral ayından başlayaraq bir sıra ali təhsil ocaqlarının 40-dan çox tələbəsi Dövlət Vergi Xidmətində istehsalat təcrübəsi keçməkdədir. İstehsalat təcrübəsi cari ilin may ayının sonunadək davam edəcək.
DVX-də tələbələrin istehsalat təcrübəsi keçməsi ənənəvi hal alıb. Artıq martın 27-dən başlayaraq ali təhsil müəssisələrinin tələbələri üçün iki hissədən ibarət olan sayca ikinci “Yay Təcrübə Proqramı”na da qəbul elan edilib. “Yay Təcrübə Proqramı”nın əsas məqsədi tələbələrə vergi sahəsində yeni bilik və bacarıqların formalaşdırmasında, nəzəri biliklərinin praktikada tətbiqində və şəxsi inkişaflarında dəstək verməkdir. 2022-ci ildə təşkil olunan ilk “Yay Təcrübə Proqramı”nda yüksək nəticələr qazanmış tələbələrdən 3-ü dövlət vergi orqanlarına işə qəbul üzrə sonuncu müsabiqədən uğurla keçərək ehtiyat kadrlar bazasına daxil edilib.
Yay Təcrübə Proqramına qeydiyyat aprel ayının 30-da başa çatacaq: https://www.taxes.gov.az/az/post/2419