Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı danışıqlar aparılıb
Azərbaycan və Qırğızıstan arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş layihəsi üzrə danışıqlar keçirilib. Tədbirdə Azərbaycan tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ekspertləri və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi, Qırğızıstan tərəfindən isə İqtisadiyyat və Ticarət Nazirliyinin və Dövlət Vergi Xidmətinin məsul şəxsləri iştirak ediblər.
Müzakirələr zamanı İqtisadiyyat Nazirliyi yanında DVX-nin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəisi Orxan Musayev Qırğızıstan ilə saziş üzrə danışıqlara başlanılmasının hər iki ölkə üçün böyük önəm kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, saziş imzalanacağı təqdirdə, sərmayəçilər üçün əlverişli şərait yaranacaq, məlumat mübadiləsində effektiv qarşılıqlı münasibətlər formalaşacaq.
Üç gün davam edən müzakirələrin nəticəsi olaraq, saziş layihəsinin vergitutmaya aid olan bütün müddəaları üzrə razılıq əldə edilib. Qarşılıqlı anlaşma şəraitində keçən müzakirələr zamanı tərəflər açıq qalan məsələlərlə bağlı qısa vaxt ərzində razılığın əldə olunması üçün səylərin gücləndirilməsi barədə ortaq fikrə gəliblər.