Biznes assosiasiyaları ilə görüşlər və əməkdaşlıq tədbirləri davam etdirilir
İqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə Dövlət Vergi Xidməti tərəfindən biznes assosiasiyaları ilə dialoq formatında görüşlər və birgə əməkdaşlıq tədbirləri davam etdirilir.
Növbəti belə görüş Vergi siyasəti baş idarəsinin təşkilatçılığı, DVX-nin digər aidiyyəti strukturlarının, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının nümayəndələrinin iştirakı ilə keçirilib. Onlayn formatda təşkil olunan tədbirdə sahənin vəziyyəti, sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı qarşılaşdıqları çətinliklərin həlli və sahənin inkişafı istiqamətində təkliflər müzakirə edilib. Görüşdə, həmçinin, tikinti materiallarının satışının və əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı qanunvericiliyin tələbləri iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir zamanı tikinti sektorunun nümayəndələrinin vergi qanunvericiliyi ilə bağlı təklifləri dinlənilib, bir sıra məsələlər üzrə müvafiq izahatlar verilib, ümumi yanaşmalar müzakirə edilib və birgə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyi qeyd olunub.