Hüquq və konsaltinq şirkətləri ilə növbəti onlayn görüş keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən hüquq-konsaltinq şirkətləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı mövzusunda onlayn görüş keçirilib. Tədbirdə DVX-nin Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə təqdimatla çıxış edərək ölkəmizdə biznesə başlama sahəsində mövcud vəziyyət, aparılmış islahatlar və əldə olunmuş nəticələr barədə məlumat verib.
Sonra görüş iştirakçıları qeydiyyat sahəsində mövcud problemlər və təkmilləşmə imkanlarını müzakirə ediblər. “SM Consulting” MMC-nin direktoru Emin Səttərov, “BHM Hüquq Şirkəti” MMC-nin Korporativ və Maliyyə Hüququ Departamentinin meneceri Türkan Hacıyeva, “Ekvita” konsaltinq şirkətinin baş hüquqşünası Abbas İsmayılov və hüquq meneceri Sənan Bayramlı, “BM Morrison Partners” şirkətinin böyük hüquqşünası Leyla Səfərova hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində rast gəlinən çətinliklər, o cümlədən hüquqi şəxslərin məlumat dəyişikliyinin elektron qaydada həyata keçirilməsi imkanlarının yaradılması və MMC-lərin nizamnamə kapitalı ilə bağlı qarşılaşdıqları məsələlərdən bəhs ediblər.
Leyla Hüseyn-zadə “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib, görüşdə qaldırılan bir sıra məsələlərin həmin Yol Xəritəsi üzrə görüləcək tədbirlər çərçivəsində həllini tapacağını vurğulayıb. Qeyd olunub ki, hazırda Yol Xəritəsinin reallaşdırılması üzrə İşçi qrup bir sıra yeni layihələr üzərində çalışır.
Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilib, görüş iştirakçılarının sualları cavablandırılıb.