Azərbaycan BEPS fəaliyyətləri üzrə öhdəliklərin icrasına başlayıb
Ölkənin vergi qanunvericiliyi və inzibatçılığının beynəlxalq standartların tələblərinə uyğun daha da təkmilləşdirilməsi üçün son dövrlərdə bir sıra mühüm addımlar atılıb. Həm Vergi Məcəlləsində dəyişikliklər, həm də ölkəmizin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” (BEPS) layihəsində assosiativ üzv qismində İnklüziv Çərçivəyə qoşulması bu istiqamətdə həyata keçirilmiş mühüm tədbirlərdir.
Məlum olduğu kimi, İƏİT-nin “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” layihəsində assosiativ üzv qismində İnklüziv Çərçivə”yə qoşulmaq barədə Qanun ötən ilin oktyabr ayında Azərbaycan Prezidenti tərəfindən təsdiq edilib və bu barədə məlumat 16 dekabr 2022-ci il tarixində təşkilatın rəsmi səhifəsində dərc edilib. Bununla da Azərbaycan Respublikası burada təmsil olunan 142 ölkə sırasında öz yerini alıb.
Ölkəmiz İƏİT-nin üzvü olmaqla vergitutma baxımından daha rəqabətyönümlü iqtisadi mühitin formalaşmasının təmin edilməsi, ölkənin beynəlxalq vergi reytinqinin yüksəldilməsi imkanlarını əldə edib. Bu, həmçinin, vergitutma bazasının aşınmasına yönələn vergi planlamasının qarşısının alınması, gəlirin real iqtisadi fəaliyyətin həyata keçirildiyi yerdə beynəlxalq vergitutma prinsipləri nəzərə alınmaqla vergiyə cəlb edilməsinin təmin olunması, vergi administrasiyaları arasında vergi qanunvericiliyi və inzibatçılığına münasibətdə vahid koordinasiyanın yaradılmasına imkan verəcək. Beləliklə, BEPS layihəsinə qoşulmaq ölkəmizin müvafiq sahə üzrə etibarlı tərəfdaş kimi nüfuzunun artmasına xidmət edir. Artıq ölkəmiz bu sahədə öz üzərinə götürdüyü 4 minimum standart, eləcə də digər BEPS fəaliyyətləri üzrə öhdəliklərin icrasına başlayıb.
Azərbaycan bu layihəyə qoşulana qədər də bir sıra standartların tətbiqi istiqamətində müvafiq addımlar atıb. Belə ki, ötən dövr ərzində transfer qiymətinin müəyyən edilməsi və vergiləndirilməsi ilə bağlı Vergi Məcəlləsinə müvafiq müddəalar əlavə edilib və onun inzibatçılığı ilə bağlı qaydalar təsdiq olunub. Bundan əlavə, BEPS-in 3-cü Fəaliyyəti çərçivəsində “Nəzarət olunan xarici müəssisənin vergiyə cəlb edilməsi” ilə bağlı Vergi Məcəlləsində müvafiq dəyişikliklər edilib və tətbiqi məqsədilə qaydalar müəyyən olunub. Sözügedən dəyişikliklər çərçivəsində artıq həmin qaydalarda göstərilən müvafiq arayışların və bildirişlərin vergi orqanına elektron formada təqdim edilməsi mexanizmi də qurulub.
“Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinə qarşı” layihənin 13-cü Fəaliyyətin icrası məqsədilə 2021-ci ildə Azərbaycan Respublikası “Ölkələrarası Hesabatların Mübadiləsinə dair Səlahiyyətli Orqanların Çoxtərəfli Sazişi”nə (CbCR) qoşulub və 2022-ci ildə ilkin mübadilə həyata keçirilib. Hazırda Saziş üzrə tərəfdaş ölkələrin sayı 91-ə çatıb. Sənədin tətbiqi ilə bağlı Vergi Məcəlləsinə müvafiq əlavə və dəyişikliklər də edilib. Transmilli şirkətlər qrupuna daxil olan müəssisələr tərəfindən müvafiq hesabat və bildirişlər maliyyə institutlarında vergi monitorinqi və ölkələrarası hesabatın verilməsi üzrə Portal vasitəsilə (https://cbcr.tmfi.gov.az/login) vergi orqanına təqdim edilir.
Bundan başqa, BEPS-in 15-ci Fəaliyyəti olan “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”ya (MLI) qoşulması istiqamətində ölkədaxili prosedurlar aparılır. Azərbaycan Respublikasının bu sazişə qoşulacağı təqdirdə, xarici dövlətlərlə bağlanılan ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərə müvafiq əlavə və dəyişikliklər avtomatik qaydada həyata keçiriləcək.