Sosial sığorta haqları vaxtında və tam həcmdə ödənilməlidir
“Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən, fərdi sahibkarlar tərəfindən məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi tələb olunur. Həmçinin, “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq, fərdi sahibkarlar öz işçilərinə münasibətdə işsizlikdən sığorta haqqını hesablamalı və ödəməlidirlər.
Məlum olduğu kimi, son illərdə qanunvericilikdə edilmiş dəyişikliklərin əsas istiqamətlərindən biri “kölgə iqtisadiyyatı”nın həcminin azaldılmasına və qeyri-formal məşğulluğun aradan qaldırılmasına yönəlib.
Qeyd etmək istərdik ki, vergi ödəyicisinin gələcək pensiya təminatı onun ödədiyi sosial sığorta haqqından asılıdır. Sosial sığorta vəsaiti fərdi hesabda toplanılır və gələcəkdə pensiya hüququnu təmin edir. Eyni zamanda, ailə başçısının itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, uşağa qulluq, ölüm, sanatoriya-kurort müalicəsi zərurəti və digər sosial sığorta hadisələri zamanı sığortaolunanların sığorta ödəməsi almaq hüququ yaranır.
İcbari tibbi sığorta isə əhalinin sosial müdafiə forması olaraq, sığorta hadisəsi zamanı vətəndaşlara ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur. İcbari tibbi sığorta sisteminin məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti etibarlı və yüksək təminatlı gələcəyiniz üçün sosial sığorta haqlarını vaxtında və tam həcmdə ödəməyinizi tövsiyə edir.