İqtisadiyyat Nazirliyində görüş keçirilib
Azərbaycanla Macarıstan arasında energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əlaqələrin gücləndirilməsi üçün imkanlar böyükdür və bu potensialın reallaşdırılması üçün zəruri tədbirlər görülür.
Ölkəmizdə səfərdə olan Macarıstanın iqtisadi inkişaf naziri Marton Nadın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə əklil qoyub. Şəhidlər Xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edərək, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad ilə görüşüb.
Görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf etdiyi, dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin, 2023-cü ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstana rəsmi səfəri çərçivəsində keçirilmiş görüşlərin əməkdaşlığın möhkəmlənməsində mühüm rolu vurğulanıb. İki ölkə arasında tərəfdaşlığın genişlənməsinə qarşılıqlı marağın göstəricisidir ki, Azərbaycan-Macarıstan ticarət dövriyyəsi artır, faydalı investisiya əməkdaşlığı həyata keçirilir. Bildirilib ki, energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əlaqələrin gücləndirilməsi üçün imkanlar böyükdür və Azərbaycan bu potensialın reallaşdırılması üçün zəruri tədbirlər görür.
Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın həyata keçirdiyi layihələrin əhəmiyyətindən bəhs edib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən enerji sahəsində əməkdaşlığın perspektivləri, maliyyə sektoruna Macarıstan investisiyalarının qoyuluşu imkanları müzakirə edilib.