Dövlət Vergi Xidmətinin əməkdaşları üçün təlimlər keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən qurumun əməkdaşları üçün liderlik üzrə təlimlər təşkil olunub. Təlimdə DVX-nin orta rəhbər heyəti iştirak edib. Vergi orqanlarında həmin vəzifələrdə işləyən şəxslərin idarəetmə sahəsində səriştələrinin artırılması, təcrübələrinin təkmilləşdirilməsi və bacarıqlarının inkişaf etdirilməsi üçün keçirilmiş təlimlər peşəkar mütəxəssislər tərəfindən aparılıb.
Təlimlər "Kouçvari liderlik" və "Emosional zəka və idarəetmə" kimi istiqamətləri əhatə edib. "Kouçvari liderlik" mövzusunda keçirilən təlimdə idarəetmə bacarığı, mütərəqqi yanaşmalar, bu sahədə tətbiq edilən metodların, modellərin (Boyatzis modeli) təcrübədə öyrənilməsi, mühakimə, rəy vermə və qiymətləndirmə səriştələri barədə ətraflı məlumat verilib. "Emosional zəka və idarəetmə" mövzusunda aparılan təlimdə isə emosional zəka, performans və müasir modellər (Chris Argyris modeli), liderlik kimi məsələlərin öyrənilməsinə yer verilib. Təlim çərçivəsində müvafiq mövzular üzrə qrup çalışmaları yerinə yetirilib, test sınaqları və onların nəticələri müzakirə edilib, anketlər vasitəsilə əldə olunmuş məlumatlar barədə fikir mübadiləsi aparılıb.