«Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
«Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
- öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
- «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin axırıncı abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi həyata keçirir;
- «Məhkəmələr və hakimlər haqqında » Azərbaycan Respublikası Qanununun 108-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini şəhər və rayon icra hakimiyyəti orqanları həyata keçirirlər;
- «İcarə haqqında » Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsinin beşinci abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir;
- «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.
3. Bu Fərman 2003-cü il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 26 dekabr 2002-ci il
№– 828.
«Azərbaycan» qəzetində dərc edilmişdir (29 dekabr 2002-ci il, №– 300).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, №– 12, maddə 723).
23 noyabr 2005-ci il tarixli, 321 nömrəli; 6 iyul 2006-cı il tarixli, 426 nömrəli; 2 iyul 2010-cu il tarixli, 291 nömrəli Fərmanlara əsasən dəyişikliklərlə.