Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

DVX rəisi “Uğur yolu”nun qalibləri ilə görüşüb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibləri ilə görüşüb. Əvvəlcə iştirakçılarla səhər yeməyinə qatılan DVX rəisi müsabiqənin qalibləri ilə qeyri-rəsmi formatda söhbət edib, “Uğur yolu”nun mühüm bir platforma olduğunu, bu müsabiqənin intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan əməkdaşların müəyyənləşdirilməsi, onların peşə hazırlığının dəstəklənməsi, yeni nəsil idarəçilərin hazırlanması və ehtiyat kadrlar bazasının formalaşdırılmasına xidmət etdiyini bildirib.

DVX-nin insan kapitalının formalaşdırılmasına xüsusi əhəmiyyət verdiyini vurğulayan Orxan Nəzərli hər bir təşkilatın müvəffəqiyyətinin, ilk növbədə, onun kadr potensialı və insan resurslarının keyfiyyətindən birbaşa asılı olduğunu, peşəkar komandanı islahatların və uğurun açarı hesab etdiyini vurğulayıb.

“Uğur yolu” proqramının qalibləri ilə görüş masa arxasında davam edib. Orxan Nəzərli həyata keçirilən islahatların ölkəmizin iqtisadi inkişafında rolu barədə danışıb, idarəçilik bacarıqlarının inkişafı, peşəkar yanaşma tərzinin formalaşması, strateji və taktiki planlaşdırmanın aparılması ilə bağlı fikirlərini gənclərlə bölüşüb.

Səmimi şəraitdə keçən görüşdə iştirakçılar DVX rəisinə fərdi inkişaf, mühüm qərarların qəbulunda tələb olunan bacarıqlarla bağlı suallar ünvanlayıblar. Söhbət zamanı İqtisadiyyat Nazirliyində, o cümlədən vergi sistemində uğurlu hesab edilən təcrübələr və inkişafa açıq sahələr barədə fikir və təkliflər səsləndirilib.

Görüşdə İqtisadiyyat Nazirliyinin və DVX-nin insan resursları ilə bağlı strukturlarının rəhbərliyi də iştirak ediblər. Tədbirin sonunda qaliblərə liderlik və idarəetmə strategiyası ilə bağlı kitablar hədiyyə edilib.