Ümummilli Liderin xatirəsinə həsr olunmuş intellektual turnirin ilk yarımfinal mərhələsi keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunları üzə turnirin ilk yarımfinal mərhələsi keçirilib.
Açılış mərasimində çıxış edən DVX rəisinin müşaviri, Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi, turnirin münsiflər heyətinin sədri Elçin Məmmədov vergi xidməti əməkdaşları arasında “Nə? Harada? Nə zaman?” intellektual oyununun ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində həyata keçirilən tədbirlərdən biri olduğunu qeyd edib, Ümummilli Liderin ölkəmizdə dövlət quruculuğunda, həmçinin vergi sisteminin formalaşdırılmasında əvəzsiz rolunu xatırladıb. Qeyd olunub ki, turnir işçilərin asudə vaxtlarının səmərəli təşkili, kollektiv tədbirlər vasitəsilə Dövlət Vergi Xidmətinin müxtəlif strukturları və qurumlarının əməkdaşları arasında qeyri-formal münasibətlərin möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, onların bilik, erudisiya, dünyagörüşü və məntiqi düşünmə bacarıqlarının artırılması baxımından da böyük əhəmiyyətə malikdir.
Ümumilikdə 35 komandanın iştirak etdiyi turnirin ilk yarımfinal mərhələsinə əvvəlcədən keçirilmiş püşkatma nəticəsində seçilmiş 18 komanda qatılıb. 5 raunddan ibarət oyunda iştirakçılar müxtəlif mövzulara həsr edilmiş suallara cavab tapmağa çalışıblar. Hər raundun sonunda cavablar təşkilatçı tərəfindən təqdim edilmiş xüsusi məlumat formasında təhvil verilib. Düzgün cavablar turnirin 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. İlk yarımfinal mərhələsində uğurlu nəticə göstərmiş 9 komanda növbəti mərhələdə iştirak üçün vəsiqə qazanıb.
“Nə? Harada? Nə zaman?” intellektual turnirinin ikinci yarımfinal mərhələsi mart, final isə may ayında keçiriləcək.