Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Son illər həyata keçirilən iqtisadi islahatlar Azərbaycan Respublikasında sahibkarlığın inkişafına təkan vermiş, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında və iqtisadiyyatın inkişafında sahibkarlığın rolunu artırmışdır. Bununla yanaşı ölkədə keyfiyyətli məhsul bolluğunun yaradılmasında, rəqabətə davamlı istehsal sahələrinin inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında sahibkarlıq hələ də həlledici amilə çevrilməmişdir. Bu isə öz növbəsində sahibkarlığın daha sürətlə inkişafı üçün dövlət köməyinin artırılmasını zəruri edir.

Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsini daha da artırmaq, sahibkarlıq fəaliyyətinin hüquqi bazasını təkmilləşdirmək və ona zəruri maliyyə dəstəyi vermək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

  • Ölkədə işgüzar fəaliyyəti həvəsləndirmək məqsədilə 2003-cü il yanvarın 1-dən vergi növləri üzrə dərəcələrin sahələr və regionlar üzrə fərqləndirməklə aşağı salınmasına, sadələşdirilmiş vergi sisteminin tətbiq dairəsinin genişləndirilməsinə, habelə sosial-sığorta haqlarının azaldılmasına dair təkliflərini iki həftə müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
  • Ölkədə əlverişli sahibkarlıq mühiti yaratmaq məqsədilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə təbii inhisarçı təsərrüfat subyektlərinin (elektrik enerjisi, qaz, su, dəmir yolu, hava və dəniz nəqliyyatı, rabitə xidməti və s.) tariflərinin təkmilləşdirilməsi ilə bağlı iki ay müddətində müvafiq tədbirlər həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • inhisarçı təsərrüfat subyektlərinin xidmətindən istifadəyə görə əvvəlcədən haqq alınması hallarının qarşısının alınması üçün lazımi tədbirlər görsün və nəticəsi barədə bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • 2003-2005-ci illər üzrə Azərbaycan Respublikasının Dövlət büdcəsi layihələrində sahibkarlığın inkişafına 250 milyard manat (o cümlədən 2003-cü ildə 50 milyard manat) vəsait nəzərdə tutulmasını təmin etsin və bu məqsədlə nəzərdə tutulan vəsaitin büdcəyə cəlb edilməsi barədə təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • məşğulluq tədbirlərinin maliyyələşdirilməsi çərçivəsində yeni iş yerlərinin yaradılması üçün nəzərdə tutulan vəsaitin Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun hesabına köçürülməsini təmin etmək məqsədilə qüvvədə olan qanunvericilik aktlarının dəyişdirilməsinə dair təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • kiçik və orta sahibkarlığın inkişafına kömək məqsədilə Bakı şəhərində texnoloji-biznes-inqubator mərkəzinin və müvafiq kommunikasiya və infrastrukturaya malik sənaye şəhərciyinin yaradılması barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • beynəlxalq maliyyə-kredit qurumları tərəfindən ölkədə sahibkarlığın maliyyələşdirilməsi üçün ayrılan kredit xətlərinin tam istifadə olunmasına mane olan amillərin aradan qaldırılması və zəruri hallarda təminatların verilməsi barədə iki ay müddətində müvafiq tədbirlər görsün və bununla bağlı Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • ölkədə daxili bazarın qorunması və ixracın həvəsləndirilməsi siyasətini təmin edən gömrük rüsumlarının tətbiqini həyata keçirsin;
  • ölkədə daxili bazarın qorunması və ixracın həvəsləndirilməsi siyasətini təmin edən gömrük rüsumlarının tətbiqini həyata keçirsin;
  • sərbəst gömrük zonasının və gömrük anbarlarının yaradılması sahəsində müvafiq təkliflər hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə edilsin ki, «Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri» və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası qanunlarının layihələrinin müzakirəsini və qəbulunu sürətləndirsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti sahibkarlıq subyektlərinin investisiya layihələrinin kredit təşkilatları tərəfindən maliyyələşdirilməsinə əlverişli şərait yaratmaq məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə girov (ipoteka) müqavilələrinin dövlət qeydiyyatının aparılması üçün ölkədə daşınmaz əmlakın vahid dövlət reyestrinin yaradılması ilə bağlı zəruri təşkilati-texniki tədbirlər həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:

  • iqtisadiyyatda İnhisarçılığın məhdudlaşdırılması və sağlam rəqabətin inkişafı məqsədilə əmtəə bazarlarında inhisarçı mövqe tutan təsərrüfat subyektlərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirsin və bu sahədə görülən işlər barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • onun sərəncamına verilmiş dövlət müəssisələrinin və obyektlərinin özəlləşdirilməsini sürətləndirsin;
  • dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərracların tam aşkarlıq şəraitində aparılmasını, əhalidə olan dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə üçün şəraitin yaxşılaşdırılmasını təmin etsin;
  • dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
  • dövlət əmlakının icarəyə verilməsi işini təkmilləşdirsin;
  • kiçik və orta sahibkarların, habelə sənətkarlıq məhsullarının satışına dəstək vermək məqsədilə Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Bakı şəhərində daimi fəaliyyət göstərən Sərgi-satış Mərkəzinin yaradılması məsələlərini həll etsin;
  • şəhər və rayon icra hakimiyyətləri ilə birlikdə ayrı-ayrı rayonlarda sahibkarların biznes mərkəzlərinin yaradılması üçün zəruri tədbirlər həyata keçirsin, onlara dövlət yardımı göstərilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi:

  • onun sərəncamına verilmiş dövlət müəssisələrinin və obyektlərinin özəlləşdirilməsini sürətləndirsin;
  • dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərracların tam aşkar şəraitdə aparılmasını, əhalidə olan dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə üçün şəraitin yaxşılaşdırılmasını təmin etsin;
  • dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • dövlət əmlakının icarəyə verilməsi işini təkmilləşdirsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

  • 2002-ci ilin dövlət büdcəsində kiçik sahibkarlığa investisiya yardımı üçün nəzərdə tutulmuş vəsaitin cari ilin sonunadək Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun hesabına köçürülməsini təmin etsin. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu vəsaitin qanunvericiliyə uyğun olaraq sahibkarlığa ayrılması və məqsədli istifadəsi üçün zəruri tədbirlər görsün;
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə sahibkarlar tərəfindən dövlət büdcəsinə artıq ödənilmiş vergilərin qaytarılması və ya gələcək ödənişlərin hesabına aid edilməsi məqsədilə iki ay müddətində tədbirlər hazırlayıb həyata keçirsin və görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

6. Azərbaycan Respublikasının Milli Bankı:

  • ölkədə kreditlər üzrə formalaşmış illik faiz dərəcələrini aşağı salmaq məqsədilə mərkəzləşdirilmiş kredit üçün uçot dərəcəsinin azaldılmasını təmin etsin və onun gələcəkdə makroiqtisadi vəziyyətdən və inflyasiyanın səviyyəsindən asılı olaraq çevik tənzimlənməsini davam etdirsin;
  • Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə kommersiya banklarını istehsal yönümlü layihələrin kreditləşdirilməsində, verilən kreditlərin strukturunda uzunmüddətli kreditlərin xüsusi çəkisinin artırılmasında maraqlandırmaq məqsədilə təşviqedici tədbirlər barədə təkliflər hazırlayıb on gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə sahibkarlığa maliyyə dəstəyini daha da yaxşılaşdırmaq məqsədi ilə xarici investorların təsisçiliyi ilə mikrokredit bankının yaradılması istiqamətində görülən işləri sürətləndirsin və üç ay müddətində həmin bankın yaradılmasını başa çatdırsın.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

  • sahibkarlıq fəaliyyəti sahəsində dövlət qeydiyyatı ilə bağlı süründürməçilik hallarını aradan qaldırsın, dövlət qeydiyyatı prosedurunu sadələşdirsin;
  • mülkiyyətçilərin əmlak üzərində mülkiyyət hüquqlarını məhdudlaşdıran və Azərbaycan Respublikasının qanunlarına zidd olaraq hüquqi şəxslərin və vətəndaşların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün süni maneələr yaradan icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, Azərbaycan Respublikası Milli Bankının normativ xarakterli aktlarının dövlət qeydiyyatına alınması hallarına yol verməsin və bu sahədə nəzarəti gücləndirsin.

8. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İqtisadi əlaqələri daha da genişləndirmək, iş adamlarının ölkəyə gəlişini asanlaşdırmaq, iqtisadiyyata daha çox investisiya cəlb etmək məqsədilə sənədlərin leqallaşdırılması və viza rejiminin sadələşdirilməsi məsələlərini həll etsin, bu sahədə olan nöqsanları aradan qaldırsın, görülən işlər barəsində on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

9. Azərbaycan Respublikasında fəaliyyət göstərmək istəyən iş adamlarının nəzərinə çatdırılsın ki, Azərbaycan Respublikasının müvafiq qanunu ilə ölkədə hər kəsin varidatına, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdikləri və investisiyaya yönəltmək üçün Azərbaycan Respublikasına gətirdikləri pul vəsaitinin və digər əmlakının toxunulmazlığına tam təminat verilir. Hər kəs öz varidatını izahat vermədən, deklarasiya və ya başqa sənəd təqdim etmədən qanunvericiliklə qadağan edilməyən istənilən fəaliyyət sahələrinə sərbəst yönəldə bilər.

10. «Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 612 nömrəli Fərmanının 2-ci bəndinin ikinci abzası qüvvədən düşmüş hesab edilsin.

11. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV

Bakı şəhəri, 10 sentyabr 2002-ci il
№– 783

«Azərbaycan» qəzetində dərc edilmişdir (11 sentyabr 2002-ci il, №– 209).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2002-ci il, №– 9, maddə 556).

6 iyul 2006-cı il tarixli, 426 nömrəli; 28 dekabr 2007-ci il tarixli, 696 nömrəli; 2 iyul 2010-cu il tarixli, 291 nömrəli; 14 may 2014-cü il tarixli, 164 nömrəli Fərmanlara əsasən dəyişikliklərlə («VneshExpertService» LLC).

21 oktyabr 2005-ci il tarixli, 1031-IIQ nömrəli Qanuna əsasən 2006-cı il yanvarın 1-dək mütləq rəqəmlərlə müəyyən olunan 5000 manat 2006-cı il yanvarın 1-dən 1 manata bərabər tutulur.