Macarıstanın xarici işlər və ticarət naziri ilə görüş keçirilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Görüşdə Azərbaycanın Macarıstanla tərəfdaşlığa önəm verdiyi, ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğu, qarşılıqlı rəsmi səfərlərin, keçirilən görüşlərin, imzalanmış sənədlərin əməkdaşlığın inkişafına geniş imkanlar açdığı vurğulanıb.
Tərəflər iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi barədə fikir mübadiləsi aparıb, investisiyaların və ticarətin təşviqi, birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə ediblər.