Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi ödəyicilərinin nəzərinə!

Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən, aşağıdakı hallarda “Nəzarət olunan xarici müəssisə haqqında arayış”ı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətdə vergi orqanına təqdim etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilib:

  • Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxs özü və ya qarşılıqlı surətdə asılı olduğu rezident və ya qeyri-rezident şəxslə birlikdə birbaşa və ya dolayısilə xarici müəssisədə 50 faizdən çox səsvermə hüququna və ya onun nizamnamə kapitalının 50 faizindən çoxuna və ya həmin xarici müəssisənin mənfəətinin 50 faizindən çox hissəsini əldə etmək hüququna sahibdirsə;

  • nəzarət olunan xarici müəssisənin mənfəətindən faktiki ödənilən vergi, Vergi Məcəlləsinə uyğun olaraq, həmin mənfəətdən ödənilməli mənfəət vergisinin 75 faizinə və ya daha aşağı hissəsinə bərabər olarsa;

  • xarici müəssisənin illik gəlirlərinin 30 faizindən çox olan hissəsi aşağıdakı gəlirlərdən ibarət olarsa:

  • maliyyə aktivlərindən əldə edilən faiz;

  • əqli mülkiyyətdən əldə edilən royalti;

  • səhmlərin və iştirak paylarının satışından əldə edilən gəlir;

  • maliyyə lizinqindən əldə edilən gəlirlər;

  • sığorta, bankçılıq və digər maliyyə əməliyyatlarından əldə edilən gəlirlər;

  • heç bir iqtisadi dəyər yaratmayan mal və xidmətlərdən gəlir əldə edən müəssisələr üzrə gəlir.

Rezident fiziki və hüquqi şəxslər tərəfindən 2022-ci il üzrə “Nəzarət olunan xarici müəssisə haqqında arayış” Bəyannamə Tərtibatı Proqramı (BTP) vasitəsilə tərtib edilərək mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətdə elektron qaydada vergi orqanına təqdim edilməlidir.

“Nəzarət olunan xarici müəssisə haqqında arayış”ı müəyyən edilən müddətlərdə təqdim etməyən və ya arayışda düzgün olmayan məlumatlar göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilə bilər.

Yuxarıda qeyd olunanlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14-2-ci, 16.1.4-3-cü və 57.4-cü maddələri (https://www.taxes.gov.az/az/page/ar-vergi-mecellesi internet ünvanı üzrə tanış ola bilərsiniz) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 19.04.2022-ci il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət olunan xarici müəssisə haqqında arayışın rezident fiziki və hüquqi şəxslər tərəfindən vergi orqanına təqdim edilmə forması və qaydası” (https://e-qanun.az/framework/49594 internet ünvanı üzrə tanış ola bilərsiniz) ilə tənzimlənir.

Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-1), Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.