Məlumat bazalarının əlaqələndirilməsi məsələləri müzakirə edilib
Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” çərçivəsində görüş keçirilib. Tədbirin əsas mövzusu kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosesində iştirak edən qurumların məlumat bazalarının əlaqələndirilməsindən ibarət olub.
Toplantıda Elm və Təhsil Nazirliyi, Dövlət Vergi Xidməti, Əmlak Məsələri Dövlət Xidməti, Mərkəzi Bank və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri iştirak ediblər. Yol Xəritəsinə əsasən, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı Əmlak Məsələləri Dövlət Xidmətinin, Elm və Təhsil Nazirliyinin rəylərinin, Mərkəzi Bankın ilkin razılığını təsdiq edən sənədin, habelə KOBİA-nın məktubunun avtomatik qaydada qeydiyyat orqanına təqdim olunması üçün elektron mübadiləni təmin edən texniki imkan yaradılması nəzərdə tutulur. Tərəflər elekton məlumat bazalarının mövcud vəziyyəti, inteqrasiya ilə bağlı qarşıda duran texniki həllər, mübadiləsi nəzərdə tutulan məlumatlar üzrə proseslərin hərəkət xəritəsi və s. məsələlərin ilkin müzakirəsini aparıblar.
Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilib, məlumat bazalarının əlaqələndirilməsinin Yol Xəritəsində müəyyən edilmiş müddətlər çərçivəsində həlli üçün əlavə mütəxəssislərin cəlb olunması və ikitərəfli məsləhətləşmələrin aparılması razılaşdırılıb.