Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Hüquq və konsaltinq şirkətləri ilə onlayn görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı mövzusunda hüquq və konsaltinq şirkətləri ilə onlayn görüş keçirib.

DVX-nin Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə “Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı və gələcək planlar” mövzusunda təqdimatla çıxış edərək ölkəmizdə biznesə başlama sahəsində mövcud vəziyyət, aparılmış islahatlar və əldə olunan nəticələr barədə məlumat verib. Təqdimatdan sonra görüş iştirakçıları qeydiyyat sahəsində mövcud çətinliklər və təkmilləşmə imkanlarını müzakirə ediblər. “Bizcon Audit MMC”nin direktoru Anar Bayramov, Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev, “Ekvita” konsaltinq şirkətinin baş hüquqşünası Abbas İsmayılov, “Ernst & Young Holdings (CIS) B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialının Vergi və hüquq departamentinin baş hüquqşünası Ayaz Quliyev, vəkil Qorxmaz Ağayev hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində rast gəlinən bir sıra məsələlərə toxunublar.

Görüşdə “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” üzrə həyata keçirilməsi nəzərdə tutulan məsələlər ətrafında da müzakirələr aparılıb. Qeyd olunub ki, Yol Xəritəsi 2 alt indikator üzrə 6 komponentdən və 34 tədbirdən ibarət fəaliyyət planını əhatə edir. Hazırda Yol Xəritəsinin reallaşdırılması üzrə işçi qrup bir sıra layihələr üzərində çalışır.

Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilib, toplantı iştirakçılarının sualları cavablandırılıb.