Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

«Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunu tətbiq etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti altı ay müddətində:

  • qüvvədə olan qanunvericilik aktlarının «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • həmin Qanunun 7.2.-ci maddəsində nəzərdə tutulmuş Əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • öz səlahiyyətləri daxilində həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

  • «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununun 5.3.-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
  • yerli büdcələrə Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya və subvensiyaları proqnozlaşdırmaq üçün bələdiyyələr yerli vergilərin və ödənişlərin yığılması barədə hər üç aydan bir dəfə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verirlər;
  • bələdiyyələrə yerli vergilərin və ödənişlərin düzgün hesablanmasında, tam və vaxtında ödənilməsində, habelə vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsində metodik rəhbərliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV

Bakı şəhəri, 4 aprel 2002-ci il.
№– 683

«Azərbaycan» qəzetində dərc edilmişdir (07 aprel 2002-ci il, №– 78) .

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 aprel 2002-ci il №– 4, II kitab, maddə 181)