Hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində 2022-ci il ərzində görülmüş işlər barədə
2023-cü ilin yanvar ayının 1-nə respublika üzrə uçotda olan 1.400.824 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2021-ci il ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,2 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz (ümumi artımın 77,5 faizi), hüquqi şəxslərin sayı 9,6 faiz (ümumi artımın 22,5 faizi) artıb. Kommersiya qurumlarının sayında 10,5 faiz artım qeydə alınıb.
2022-ci ildə 15.795 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2021-ci il ilə müqayisədə 33,4 faiz çoxdur. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 72,8 faizi elektron qaydada, 27,2 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.
2023-cü ilin yanvar ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,8 faizi MMC, 1,4 faizi səhmdar cəmiyyət, 1,2 faizi kooperativ və s. formalarda yaradılıb. Qeydiyyatda olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 30.620 olub ki, bu da ötən ilə nisbətən 14,4 faiz çoxdur. Kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 11,4 faiz artaraq 46.701 vahid təşkil edib.
2022-ci ildə qeydiyyatdan keçmiş kommersiya qurumlarından 77,6 faizi yerli, 22,4 faizi xarici investisiyalı qurumlardır. Əvvəlki illə müqayisədə yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının sayı 14,2 faiz artıb.
Ötən il 9.001 hüquqi şəxsin fəaliyyəti bərpa edilib ki, bu da 2021-ci illə müqayisədə 23,4 faiz çoxdur. Fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 24 faiz artıb.
2022-ci ildə kommersiya qurumlarının 72,8 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 94,7 faiz olub.
Yeni qeydiyyat üsulu ilə (fin kod + mobil nömrə) 1.848 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb ki, bu da 2021-ci illə müqayisədə 32 vahid çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 11,7 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,2 faiz təşkil edib.
Ümumiyyətlə, 2022-ci ildə icra olunmuş elektron qeydiyyat ərizələrinin 83,9 faizi Asan imza vasitəsilə imzalanmaqla təqdim olunub.