İKZF tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim olunması ƏDV-dən azad edilir
Məlum olduğu kimi, 2023-cü il üçün Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqamətləri vergi inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, ləğv prosesində olan kredit təşkilatlarının sabit vergi xərclərinin, eləcə də investisiya mühitinin, o cümlədən yerli istehsalın təşviqi ilə vergi yükünün aşağı salınması və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin qorunması və s. istiqamətləri əhatə edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qanunvericilikdə nəzərdə tutulan bəzi əsas dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir.
Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim olunması əməliyyatının ƏDV-dən azad edilməsidir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib. 2020-ci ilin mart ayından etibarən Fond tərəfindən yaşayış sahələrinin satın alınması və müəyyən edilmiş şərtlərlə kirayəçinin mülkiyyətinə verilməsinə başlanılıb.
Vergi Məcəlləsinin tələblərinə əsasən, Fond tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi əməliyyatı ƏDV-nin vergitutma obyekti hesab edilir. Bu hal isə vətəndaşların aylıq ödənişlərinin artmasına və nəticə etibarilə əhalinin mənzil əlçatanlığının aşağı düşməsinə, habelə bu mexanizmin səmərəliliyinin azalmasına gətirib çıxara bilər.
Bu baxımdan, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizminin mahiyyətini və yaradılması məqsədlərini, həmçinin sosial yönümlülüyünü nəzərə alaraq, qeyd olunan əməliyyatın ƏDV-dən azad edilməsi nəzərdə tutulub. Təklif olunan güzəşt bu mexanizmin daha da təkmilləşməsinə, o cümlədən vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi və əlçatanlığın təmin edilməsinə öz töhfəsini verəcək.