Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Özbəkistanla iqtisadi əməkdaşlığın inkişafı üçün böyük imkanlar var

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevin başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Özbəkistan nümayəndə heyəti, həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsini yad edib.

Həmin gün İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Respublikası Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevlə görüşüb.

Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün imkanlar qeyd olunub. Vurğulanıb ki, uğurla inkişaf edən iqtisadi-ticarət, investisiya qoyuluşu sahəsində əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli səfərlər, keçirilən görüşlər mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Özbəkistan beynəlxalq arenada səmərəli əməkdaşlıq edir, Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi dialoqun şaxələndirilməsinə və vahid inkişaf məqsədlərinə nail olunmasına səy göstərirlər. Tərəfdaşlığın dərinləşməsində Birgə Hökumətlərarası Komissiya da əlverişli platformadır. Bildirilib ki, işgüzar əlaqələrin inkişafı ikitərəfli əməkdaşlıqda mühüm rol oynayır. Bu kontekstdə Özbəkistana ixrac missiyasının təşkili, investisiya “rodşousu” tədbiri və birinci regionlararası forumun keçirilməsi iş adamları arasında əlaqələrin güclənməsinə, yeni birgə layihələrin icrasına stimul verəcək.

İki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət genişlənir. İqtisadiyyat naziri həmçinin qeyd edib ki, sənaye, nəqliyyat, energetika, ticarət, kənd təsərrüfatı sahələrində əməkdaşlıq potensialının reallaşdırılması üçün müvafiq tədbirlər görülür.

Görüşdə işğaldan azad olunmuş ərazilərimizə investisiya yatırmaq imkanları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının tranzit potensialı barədə də məlumat verilib, Özbəkistan şirkətləri ölkəmizdəki əlverişi biznes mühitindən yararlanmağa dəvət olunub.

Özbəkistan Respublikasının Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayev Özbəkistan şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb, aparılan müzakirələrin regional əməkdaşlığın inkişafında və yeni biznes əlaqələrinin qurulmasında önəmini qeyd edib.

Tərəflər ölkələrimiz arasında dostluq və çoxşaxəli əməkdaşlığın iqtisadi-ticarət əlaqələrimizin inkişafı üçün yaratdığı imkanların reallaşdırılması və investisiyaların təşviqi məsələlərini müzakirə ediblər.