Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr edilmiş görüş keçirilib

Dekabrın 15-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOBİA) ilə birgə startaplar, mikro və kiçik sahibkarlıq subyektləri üçün kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr edilmiş onlayn formatda görüş keçirib. Görüşdə DVX və KOBİA-nın nümayəndələri, yerli konsaltinq şirkətlərinin rəhbərləri iştirak ediblər.

KOBİA-nın şöbə müdiri Nicat Əlizadə görüşün biznesə başlama sahəsində həyata keçirilən islahatlar, bu sahədə görülmüş işlər, nəzərdə tutulan yeniliklərlə bağlı olduğunu bildirib. Görüşdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə “Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı və gələcək planlar” mövzusunda təqdimatla çıxış edib.

L.Hüseyn-zadə Dünya Bankı Qrupunun «Əlverişli Biznes Mühiti» layihəsi çərçivəsində «Biznesə daxilolma» indikatoru üzrə diaqnostika edilən sahələr barədə məlumat verib. Bildirib ki, əgər əvvəlki illərdə biznesə başlamanın qiymətləndirilməsi zamanı diaqnostika daha çox vaxt amilini və prosedurların sayını əhatə edirdisə, hazırda biznesə daxilolmanın beynəlxalq aspektləri nəzərə alınır, yerli və xarici özəl şirkətlərin ölkə daxilində qeydiyyatdan keçirilməsi imkanları, startaplar üçün rəqəmsal dövlət xidmətlərinin mövcudluğu və məlumatların şəffaflığı kimi amillər də dəyərləndirilir. Qiymətləndirmə göstəriciləri barədə məlumat verən şöbə rəisi biznesə daxil olmaqla bağlı qaydaların keyfiyyəti, biznes startapları üçün rəqəmsal dövlət xidmətləri və informasiyanın şəffaflığı kimi meyarları diqqətə çatdırıb.

Görüş iştirakçılarına 2008-ci ildən başlayaraq bu sahədə görülmüş işlər barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycan hazırda dünyada biznesə başlama indikatoru üzrə ilk onluğa daxildir. Ölkəmizin «Bir prosedurla qeydiyyat» layihəsi Korporativ Qeydiyyatçılar Forumunun İcraiyyə Komitəsi tərəfindən 2021-ci ilin mart ayında “Təqdir” kateqoriyasında mükafata layiq görülüb.

“Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahələrdə təkmilləşdirmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi bu sahədə islahatların davam etdirilməsini nəzərdə tutur. Xəritə 2 alt indikator üzrə 6 komponentdən və 34 tədbirdən ibarət fəaliyyət planını əhatə edir. Hazırda Yol Xəritəsinin reallaşdırılması üzrə işçi qrup bir sıra layihələr üzərində çalışır. MMC-lərin qeydiyyat məlumatlarında dəyişikliyin elektron qaydada həyata keçirilməsi ilə bağlı proqram təminatının hazırlanması üzərində iş gedir, MMC-lərin elektron dövlət qeydiyyatında “üz tanıma” kimi üsulların aktivləşdirilməsi, xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı zamanı hüquqi ünvanı təsdiq edən sənədin e-ərizəyə əlavə edilməsi tələbinin aradan qaldırılması və s. kimi yeniliklər nəzərdə tutulur.

Görüş qarşılıqlı müzakirələr şəraitində davam edib, toplantı iştirakçılarının sualları cavablandırılıb.