Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Türkmənistanla iqtisadi əlaqələr genişlənir

Azərbaycanda səfərdə olan Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Türkmənistan nümayəndə heyəti, həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edərək, "Əbədi Məşəl" kompleksinə əklil qoyub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov arasında görüş keçirilib, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycan-Türkmənistan münasibətləri davamlı olaraq inkişaf edir, əməkdaşlığın genişləndirilməsi üçün möhkəm müqavilə-hüquq bazası yaradılır, iqtisadi-ticarət əlaqələri güclənir. Bildirilib ki, nəqliyyat-tranzit sahəsi tərəfdaşlığımızın əsas istiqamətlərindəndir və yaradılmış əlverişli infrastruktur və potensialdan səmərəli istifadə regionun inkişafına töhfə verir. Qafqaz və Mərkəzi Asiya regionlarını birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsilə Azərbaycan və Türkmənistandan keçir, bu da ölkələrimizi beynəlxalq nəqliyyat dəhlizlərinin önəmli iştirakçısına çevirir.

Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov Azərbaycan-Türkmənistan əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafına güclü təkan olduğunu bildirib, tərəfdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə iki ölkə arasında energetika, investisiya, nəqliyyat, ticarət, kommunikasiya və digər sahələrdə əlaqələrin inkişafı imkanları diqqətə çatdırılıb.