Test imtahanından uğurla keçən namizədlər üçün müsahibə keçiriləcək
Xəbər verildiyi kimi, 20 noyabr 2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Dövlət İmtahan Mərkəzi ilə birgə vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib. İmtahanda iştirak edən 148 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək ikinci mərhələ olan müsahibəyə buraxılıb.
Dekabr ayının 5-dən başlayaraq dövlət vergi orqanlarına işə qəbulla bağlı müsahibələrin keçirilməsinə başlanılacaq. Müsahibələr mərhələli şəkildə keçiriləcək və namizədlərə qanunvericilikdə müəyyən olunmuş qaydada öncədən məlumat veriləcək. Müsabiqə tam başa çatdıqdan sonra nəticələr Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyətə elan ediləcək.
Müsabiqənin hər iki mərhələsindən uğurla keçən namizədlər kadr ehtiyat bazasına daxil ediləcək və yaranan vakant vəzifələrə təyin olunacaqlar. Namizədlərin dövlət vergi orqanlarının kadr ehtiyat bazasında saxlanılma müddəti 2 ildir.