Böyük Britaniya Vergi və Gömrük Administrasiyasının təlimlərinin növbəti mərhələsi başlayıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyası (HMRC) arasında ikitərəfli əlaqələrin genişləndirilməsi, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi və təcrübə mübadiləsi çərçivəsində HMRC mütəxəssisləri tərəfindən təlimlərin ikinci mərhələsi başlayıb.
Təlimlərin ilkin mərhələsi oktyabr ayında Bakıda vergi orqanları əməkdaşları üçün keçirilib. Noyabr ayında təşkil olunan növbəti tədbirin əsas mövzusu transfer qiymətləridir. Təlimlərdə Böyük Britaniyada transfer qiymətləri üzrə inzibatçılıq, daimi nümayəndəlik məsələlərinin inzibatçılığı, audit, risk qiymətləndirilməsi, müvafiq sahələrlə bağlı OECD tövsiyələrinin təhlili, qrupdaxili əməliyyatlar və müqayisə metodları kimi mövzuların müzakirəsi planlaşdırılır.
Böyük Britaniya Vergi Administrasiyasının transfer qiymətləri üzrə baş mütəxəssisləri Antoni Klark və Pol Mitçelin təqdimatları əsasında keçirilən təlimlərdə DVX-nin Beynəlxalq vergitutma və vergi monitorinqi və Milli gəlirlər baş idarələrinin əməkdaşları iştirak edir.