Vergi ödəyiciləri üçün xidmətlərdə yeni rəqəmsal həllər hazırlanır
Azərbaycanda qadın sahibkarlığının inkişafı, qadın əməyinin dəyərinin yüksəldilməsi ölkənin əsas prioritet istiqamətlərindən biridir. Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" adlı V forumda çıxışı zamanı deyib. Bildirib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda da qadın əməyinin düzgün, layiqincə qiymətləndirilməsi əsas hədəflərdən biridir. Qadınların orta aylıq əməkhaqlarının kişilərin orta aylıq əməkhaqqına nisbətdəki mövcud faiz dərəcəsinin 2026-cı ilədək yüksəldilməsi, qadınların maliyyə əlçatanlığının artırılması hədəf olaraq müəyyən edilib.
S.Musayeva qeyd edib ki, bu gün qadın sahibkarların o qədər də çox qayğı ilə əhatə olunmağa ehtiyac duyan nisbətən zəif zümrənin nümayəndələri olmaması çox sevindiricidir. Artıq sahibkar qadınlar kifayət qədər aktiv işəgötürən, başqa sözlə, işlə təmin edəndirlər. DVX-nin rəis müavini ölkəmizdəki qadın sahibkarların istehsal etdikləri məhsulları daha geniş bazarlara çıxarmaq üçün daha innovativ həllərə ehtiyac duyduqlarını da söyləyib. Bildirib ki, iqtisadiyyatın rəqəmsallaşdırılması müvafiq orqanların da öz fəaliyyətini rəqəmsallaşdırmasına ciddi zərurət yaradır. Sahibkarlara göstərdiyi xidmətlərin elektronlaşdırılması istiqamətində ciddi addımlar atan DVX tərəfindən hazırda ümumilikdə 160 xidmət göstərilir ki, bu xidmətlərdən 121-i elektronlaşdırılıb. Bu gün ölkədə aktiv sahibkarlıq subyektlərinin 94 faizi vergi ödəmələrini könüllü əməletmə hesabına icra edir.
S.Musayeva bildirib ki, sahibkarların təhlükəsiz şəraitdə öz vergi öhdəliklərini yerinə yetirməsi üçün tam rəqəmsal platforma mövcuddur. Xidmətin rəis müavini vergi ödəyiciləri üçün elektron kabinetin mobil tətbiqi üzərində də iş aparıldığını söyləyib. Bundan başqa, yaxın gələcəkdə e-kabinetlərin daha yeni, əlçatan forması istifadəyə veriləcək. Nəticədə sahibkarların suallarının avtomatik rejimdə, süni intellekt üzərindən cavablandırılması təmin olunacaq. S.Musayeva əlavə edib ki, biznes qeydiyyatının səmərəliliyinin artırılması üçün beynəlxalq standartlara cavab verən yeni həllərin hazırlanması üzərində işlər aparılır.