Vergi orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
2022-ci il noyabrın 20-də Dövlət İmtahan Mərkəzi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə əsasən, vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Dövlət vergi orqanlarına işə qəbulla bağlı sayca 18-ci olan müsabiqəyə ümumilikdə 3418 müraciət daxil olub və onlardan 2504 namizəd müsabiqədə iştirak hüququ qazanıb.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2504 namizəddən 45 nəfəri imtahanda iştirak etməyib. 148 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb. İmtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin rəsmi saytında yerləşdirilib.
Test imtahanından uğurla keçən namizədlərə müsahibə mərhələsi barədə əlavə məlumat veriləcək.