Vergi ödəyicilərinə geniş spektrdə xidmətlər göstərilib
2022-ci ilin yanvar-oktyabr ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 391.367 şəxs qəbul edilib, onlara 740.102 xidmət göstərilib.
Bu xidmətlər, əsasən, vergi qanunvericiliyi, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, qeydiyyat-uçot xidmətləri, bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi, elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun, Asan İmza sertifikatlarının verilməsi və digər məsələlərlə bağlı olub.
Cari ilin 10 ayı ərzində vergi ödəyicilərinə xidmət strukturları tərəfindən 3.761 ödəyicinin iştirakı ilə 228 görüş keçirilib. Vergi ödəyicilərindən daxil olmuş 14 mindən çox yazılı müraciət cavablandırılıb, onların faktiki fəaliyyət göstərdiyi yerlərdə 5.516 ünvanlı xidmət göstərilib. Hesabat dövründə vergi ödəyicilərinə 10 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), məlumatlandırma istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə onların mobil nömrələrinə 734 minə yaxın SMS göndərilib.
2022-ci ilin 10 ayında vergi ödəyicilərinin müraciəti üzrə, o cümlədən elektron qaydada 278.950 Asan İmza sertifikatı verilib.